21.11.2024, 20:36
AZ EN
07.02.2023, 09:33 404

Hər gün Mübarizin günüdür!

XƏBƏRLƏR
  • Bu gün Mübarizin günüdür, deyirlər, yazırlar, danışırlar... Amma əslində bizim üçün hər gün Mübarizin günüdür. Bəli, bizim üçün hər gün Mübarizin günü olmalı, ondan ki, əlimiz həmişə tətikdə dayanmalıdır. Nə qədər ki, düşmən, şər həmişə bizə nifrət bəsləyir, gözünü yurdumuzdan çəkə bilmir, ta əzəldən bizim kökümüzü qurutmağa çalışır, amma neyləsə də, buna nail olmağı bacarmır. Bu gün də, Zəfərimizi bizə bağışlaya bilmir. Qarı düşmən dost olmaz, deyib atalarımız. Bax, ona görə də bizim üçün hər gün Mübarizin günü olmalıdır.

Bu gün cəsarəti, igidliyi, adı-sanı sözə, dastana sığmayan Milli Qəhrəmanımızın dünyaya göz açdığı gündür. Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
O, 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orta təhsilini başa vurub. 2005-ci ildə həqiqi hərbi xidmətə çağırılan M.İbrahimov hərbi xidmətini Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. M.İbrahimov həqiqi hərbi xidmətini 2007-ci ildə başa vurub. Gizir olmaq Mübarizin ən böyük arzusu idi.
Uşaqlıqdan mübariz oğlan

 Mübariz İbrahimov Biləsuvar rayonunun Əliabad kəndində, 1988-ci ilin şaxtalı bir qış günündə, fevralın 7-də doğulub. Ailəsi iki ad seçib ona verməyə. Müqəddəs, bir də Mübariz. Son qərarları Mübariz olub. Deyirlər, adın da insanın taleyində müəyyən təsirləri olur. Yoxsa bu qədər Vətən sevdalı, mübariz olmaq necə olardı? Mübariz uşaqlıqdan çalışqan, mübariz idi. Kiçik yaşlarından  idmanla - boksla məşğul olurdu. O, şəhid M. Piriyev adına orta məktəbi bitirdikdən sonra 2005-ci ildə hərbi xidmətə çağırılıb.

Qarabağa doğru

Hərbi xidmətə fərəhlə yollanıb Mübariz. Çünki onun qəlbində dəniz kimi bir fırtına tüğyan edirdi. Qarabağ müharibəsinin acılarını başqa heç nə ona unutdura bilməzdi. Ürəyinin başında Xocalı adlı bir yarası vardı Mübarizin. O, hərbi xidmətini Daxili Qoşunların N saylı Hərbi Hissəsinin Xüsusi Təyinatlı Bölüyündə çavuş rütbəsində əzmlə başa vurdu. Ancaq yenə ürəyi rahatlıq tapmadı. 2009-cu ildə yenidən hərbi hissəyə qayıdaraq Vətənə xidmət etməyə başladı. Mübariz bu dəfə hərbi biliklərini daha da genişləndirərək böyük bir məktəb keçdi. Bu dəfə onun qəlbindəki mübarizlik, döyüş əzmi daha da aşıb-daşdı. Gizir olmaq onun arzusu idi. O, bununla ən böyük arzusuna, Qarabağda düşməndən intiqam almağa bir az da yaxınlaşdı. Daha kimsə onu yolundan saxlaya bilməzdi. Amma imanı onu ata-anasının xeyir-duasını almadan yola çıxmağa imkan vermədi. Ona görə də, bir gün ata-anasına ürəyini açdı, dərdini söylədi. Atası Ağakərim kişi arif adamdı. Bilirdi ki, oğlu yolundan dönməz, amalından əl çəkməz. Odur ki, onu daha artıq incitmək istəmədi. Bəs anası nə deyəcəkdi, axı ana ürəyidi. Amma o qəhrəman anasıydı, dözməliydi və dözdü də...

Sevinc və qüssə 

Mübariz isə azad idi o anlarda. Daha onun qarşısını heç nə ala bilməzdi. Qarabağa yollandı, bir komandir kimi əsgərlərinə öz bilik və bacarıqlarını aşılamağa çalışdı. O. Bir nümunə idi, Vətən sevgisini sözsüz çatdırırdı əsgərlərinə. Ürəyi bir az dinclik tapırdı. Amma düşmən əsirliyindəki Şuşa gözləri önündə canlanırdı, Laçın qayalarında qartallar qıy vururdu, Xocalının naləsi yaddaşından çəkilmirdi ki, çəkilmirdi... Sərhəddən doğma Vətən torpağını seyr etdikcə ürəyi parçalanırdı. "Axı nə vaxtadək doğma torpaqlarımıza uzaqdan baxacağıq?", - deyə, sual edrdi özünə, bir də mərd əsgərlərinə.

Qəhrəmanlıq gecəsi

...Nəhayət o gün gəlib çatdı. Mübariz İbrahimov 18 iyun 2010- cu ildə gecə saat 23:30 radələrində qulluq etdiyi cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində düşmənlə arada olan minalanmış sərhədi təkbaşına keçərək bir anda qartaltək düşmənin üstünə şığıdı. Düşmən bu gözlənilməz  hücumdan çaşdı. Üzərinə bir nəfər deyil, sanki bir ordu gəlirmiş kimi qorxuya, təşvişə düşdü... Mübariz isə o anlarda elə bir qəhrəmanlıq salnaməsini yazırdı ki, bircə həmləsində neçə düşməni vurub yerə sərirdi. Düşməni məhv etdikcə irəliləyir, onların silahını özlərinə tuşlayırdı. Bax, bu Şuşanın, bu Laçının, bu da... bu da, Xocalıda işgəncəylə öldürülən körpələrin intiqamı, - deyə, güllə deyil, sanki düşmənin üzərinə qəzəbdən od püskürürdü...

Düşünürəm ki, Mübariz o gecə mənim də intiqamımı alırdı. İşğal olunmuş Ağdamın, doğulduğum Qiyaslı kəndinin, şəhid olmuş atamın, iki qazi qardaşımın, bir də, Bərdədə dəmir vaqona sığınaraq dərddən, əziyyətdən ürəyi çat vermiş anamın intiqamını... Və bütün ürəyi dağlanmış  anaların, bacıların, vəhşicəsinə qətlə yetirilmiş körpələrin, dərddən kədər heykəlinə dönmuş ataların, babaların intiqamını...

Mübariz qeyri-adi bacarıq və çevikliklə düz 5 saat təkbaşına bir ordu ilə savaşdı. Nə usandı, nə də geri çəkilməyi düşündü. Mübariz arzusuna çatmışdı həmin  anlarda. Qarabağın torpağından, havasından güc almışdı sanki. Bu elə bir qəhrəmanlıqdı ki, Mübariz o gecə Müqəddəs adına qovuşdu. Onsuz da, o, getdiyi yolun sonunu bilirdi. Sonda qəhrəmanlıqla Şəhid olsa da, intiqamını almışdı. Əsl yaşamaq da onun üçün bu idi. Bundan sonra daha rahat "yaşayacaqdı".   

Bunu əvvəlcədən valideynlərinə ünvanladığı sonuncu məktubundan da hiss etmək olar:

"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-ol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam- ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz... Haqqınızı halal edin."

Azərbaycanın Milli qəhrəmanı 

Atası Ağakərim kişi söyləyir ki, o qəhrəmanlıq gecəsindən sonra qürur hissi ilə yanaşı, həm də bir narahatlıq keçirib. Ta o vaxta qədər ki, tezliklə cənab Prezidentimiz İlham Əliyev Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam imzalayıb. Bütün türk dünyasının qəhrəmanı olan M.İbrahimovun adının əbədiləşdirilməsi üçün ölkəmizdə və onun hüdudlarıdan kənarda bir sıra işlər görüldü. Belə ki, Biləsuvar şəhərində lisey-məktəb kompleksinə və küçəyə M.İbrahimovun adı verildi. 2010-cu ildə Eldar Məmmədovun rejissorluğu ilə M.İbrahimova həsr edilən "Müqəddəs zirvə" adlı film çəkildi. 2011-ci ildə "Palmali" şirkətinin Türkiyədə hazırlandığı yük gəmisi onun şərəfinə "Mübariz İbrahimov" adlandırıldı. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İstiqlal" snayper tüfəngləri ailəsindən olan 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə "Mübariz" adlandırıldı. 2011-ci ildə Milli Qəhrəman Çingiz Mustafayev fondu və ANS Şirkətlər Qrupu tərəfindən M.İbrahimov "İlin adamı" adına layiq görüldü. 2016- cı ildə Sumqayıtdakı küçələrdən birinə onun adı verildi. Həmin ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə M.İbrahimovun heykəli ucaldıldı.

2013-cü ildə TRT 1 kanalında nümayiş etdirilən "Sakarya Fırat" və 2014-cü ildə yayımlanan "Qızıl alma" adlı seriallarda M.İbrahimovun qəhrəmanlığına geniş yer ayrılıb. 2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə M.İbrahimovun adına xatirə lövhəsi vurulub. M.İbrahimovun adının əbədiləşdirilməsi təkcə bu sadaladıqlarımızla bitmir və bitməyəcək də...

Atası ona Vətən deyirdi

Mübarizin Vətənə böyük sevgisini hiss edən atası ona Vətən, deyə, müraciət edərmiş. Və bu uca, müqəddəs addan Mübariz sevincindən sanki qanad açıb uçarmış. Ata öz övladını bax, belə ruhlandırmış, atalar! Lap ölməz şairimiz Xəlil Rza Ulutürk misalı...

Ancaq Vətən olanlar belə qəhrəmanlıq göstərə bilərlər. Ömrünün gənc çağında, 22 yaşında beləcə bütün türk dünyasının qəhrəmanına çevrilmək olar.

Mübariz düşmənə anlatdı ki...

...O gecə qeyi-adi bacarıq, müdhiş bir qəhrəmanlıqla Mübariz düşmənə dərs verdi. Anlatdı ki, bizim bircə əsgərimiz öz misilsiz şücaəti ilə düşmənin bir ordusuna dəyər. Elə bilməyin ki, biz bu işğalla barışıb sakitcə oturmuşuq. Bir gün bax belə qəfil bir həmləylə düşməni darmadağın edər Azərbaycan Ordusu! Həm də bu müharibə düşmən üçün ədalətsiz sayılsa da, bizim üçün ədalətlidir. Çünki bu torpaqlar azərbaycanlıların qədim məskənidir. Bir vaxt düzlərdə qalmış erməni bəlasını torpağımıza calayanların günahıdır ki, sonra da nankorluqla  gəmidə oturub gəmiçi ilə dava edirlər. Amma bunu unutmayın - Mübarizlərin Vətəni basılmaz! Nə qədər güclü xarici havadarlarınız olsa da bir gün haqq qalib gələcək!

Gözün aydın, Mübariz!

Bu düşüncəylə Mübarizin qəhrəmanlığından sonra sanki bütün Azərbaycan ayağa qalxdı, hər kəs bir əsgər kimi Vətənin müdafiəsinə hazır dayandı. Düz 10 il sonra Mübarizin arzuları gerçək oldu. 2020-ci ildə başlayan və 44 günlük Vətən Savaşında Azərbaycan Ordusu Zəfər qazandı. Gözün aydın olsun, Mübariz! Ruhun şaddır, bilirik. Çünki sən indi ən böyük arzuna çatmısan!

Cənnətdəki doğum günün mübarək!

Bizim üçünsə hər gün sənin – Mübarizin günüdür, biləsən...

Mina RƏŞİD

Oxşar xəbərlər