Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Səlim Qılman oğlu Cabbarovun doğum günüdür. O, 6 fevral 2002-ci ildə Saatlı rayonunun Şirinbəyli kəndində anadan olub. Əslən axısxa türkü olan Səlim 2008-2019-cu illərdə Saatlı rayon Şirinbəyli kənd tam orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Səlim Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın və Talış kəndinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.
Səlim Cabbarov 2 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Səlim Cabbarov ölümündən sonra “Vətən uğrunda”, " İgidliyə görə "," Laçının azad olunmasına görə " və " Suqovuşanın azad olunmasına görə " medalları ilə təltif edilib.
Şəhidimizin anası Dəstə Cabbarova qürurla “Vətən sağ olsun, - deyir: “ İki oğlum var, lazım gəlsə onlar da Vətən uğrunda mübarizəyə həmişə hazırdılar”.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, nurüzlü, qəhrəman Səlim balamız!
Mina RƏŞİD