35 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən icra başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən, ölkə rəhbərinin həmin ərazilərə mütəmadi səfərlərindən danışıb.
Rayon rəhbəri çıxışında eyni zamanda şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söz açdı, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksinin və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini bildirdi. O, daha sonra çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışıb.
Səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənildi, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürüldü.
Qəbulda Laçın Rayon Prokuroru İlqar Səadətov, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak etdilər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Hazırladı: Mina RƏŞİD