07.03.2026, 00:14
AZ EN
06.03.2026, 15:34 142

Soltan Məmmədov: "Azərbaycanın sərt mövqeyi İranı geri çəkilməyə məcbur etdi"

YAZILAR
  • Regionda baş verən hadisələr təxribatlara qarşı qətiyyətli mövqe nümayiş etdirməyin vacib olduğunu göstərir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Soltan Məmmədov bildirib ki, Azərbaycan hər zaman qonşu dövlətlərlə münasibətləri qarşılıqlı etimad və hörmət əsasında qurmağa çalışıb: “Biz heç vaxt başqa bir ölkənin suverenliyinə, ərazi bütövlüyünə müdaxilə etməmişik. Qonşularımızdan, tərəfdaşlarımızdan da eyni yanaşmanı gözləyirik. İranın Naxçıvana hücumunu da məhz bu kontekstdə qiymətləndirmək lazımdır. İrana qarşı hərbi əməliyyatlar başlayan zaman Azərbaycan dövləti birmənalı olaraq rəsmi şəkildə bəyan etdi ki, ərazilərimizdən heç bir dövlətə, o cümlədən İrana qarşı hərbi əməliyyatlar üçün istifadə oluna bilməz. Eyni zamanda cənab Prezident İlham Əliyev martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyinə gedərək başsağlığı vermişdir. Bundan başqa, İranın ölkəmizə qarşı terror hücumundan bir neçə saat əvvəl dövlət başçımızın göstərişi ilə Azərbaycan tərəfi İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsi üçün təyyarə göndərib. Bütün bunların qarşılığında İran Azərbaycan tərəfinə təşəkkür etmək əvəzinə ölkəmizə qarşı terror hücumu həyata keçirdi”.

Deputat qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının ərazisinin İran tərəfindən pilotsuz uçuş aparatları ilə atəşə tutulması beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətsizlikdir: “Bu cür təxribat xarakterli addımlar regionda etimad mühitini zəiflədir, dövlətlərarası münasibətlərdə gərginliyi artırır və regional təhlükəsizlik arxitekturasına mənfi təsir göstərir. Naxçıvan Muxtar Respublikası Azərbaycanın strateji əhəmiyyətə malik bölgələrindən biridir və burada baş verən hər hansı gərginlik regionun ümumi təhlükəsizlik balansına mənfi təsir göstərir”.

Soltan Məmmədov vurğulayıb ki, terror aktını törədən qüvvələr mütləq şəkildə öz layiqli cəzasını almalıdırlar: “Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalan, eyni zamanda beynəlxalq ədaləti və BMT qətnamələrinin icrasını öz gücü və qətiyyəti ilə təmin etmiş qalib dövlətdir. Ölkəmiz hər zaman suverenliyinin, ərazi bütövlüyünün və vətəndaşlarının təhlükəsizliyinin qorunması məsələsində qətiyyətli və prinsipial mövqe nümayiş etdirb. Azərbaycan dövləti və onun güclü ordusu ölkəmizə qarşı yönələn istənilən təhdidin, terror və təxribat xarakterli addımların qarşısını almaq üçün bütün zəruri tədbirləri görmək əzmindədir”.

Deputat əlavə edib ki, Azərbaycanın beynəlxalq tərəfdaşları ilə möhkəm münasibətləri də bu gün ölkəmizin mövqeyini gücləndirən mühüm amillərdəndir: “Xüsusilə Pakistanla Azərbaycan arasında formalaşmış dostluq və qardaşlıq münasibətləri strateji əhəmiyyət daşıyır. Pakistanın Ermənistanı təcavüzkar dövlət kimi tanıması, onunla diplomatik əlaqələr qurmaması və bu məsələdə Azərbaycanın mövqeyini nəzərə alması iki ölkə arasında mövcud olan səmimi münasibətlərin bariz nümunəsidir. Eyni zamanda Pakistan Baş nazirinin və hərbçilərinin Bakıda keçirilmiş hərbi paradda iştirakı da bu dostluğun və strateji tərəfdaşlığın açıq göstəricisidir. Pakistanın nüvə dövləti kimi Azərbaycanın yanında olması da xüsusi əhəmiyyət kəsb edən amillərdəndir”.

Soltan Məmmədov bildirib ki, martın 6-da Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək İranın Azərbaycana qarşı hərbi hücumunu və terror aktlarını qınadığını bildirib: “Pakistanın Baş naziri bu çətin gündə Pakistan dövləti və ordusunun Azərbaycan dövləti və ordusunun yanında olduğunu qeyd edib, Azərbaycanın Pakistana hər zaman güvənə biləcəyini deyib. Şahbaz Şərif Azərbaycan-Pakistan dostluğu və qardaşlığının davam edəcəyini də vurğulayıb”.

Deputat qeyd edib ki, regionda baş verən hadisələr bir daha göstərir ki, təxribatlara qarşı qətiyyətli mövqe nümayiş etdirmək vacibdir: “İranın Pakistan istiqamətində də raket atəşi həyata keçirməsi və layiqli cavabını alması yaddaşlardan silinməyib. Aydın görünür ki, İran yalnız onun başa düşdüyü dillə danışmağı qəbul edir. Eynilə Azərbaycanın sərt mövqeyi də İranı geri çəkilməyə məcbur etdi və hərbçilərini sərhəddən uzaqlaşdırdı. Azərbaycanın texniki imkanları böyükdür və hətta İranın dərinliyində də hərəkətliliyi müşahidə etməyə imkan verir. Buna görə də İran tərəfi bilməlidir ki, Azərbaycana qarşı hər hansı hərəkətlilik mütləq şəkildə layiqincə cavablandırılacaq. Azərbaycan bundan sonra da milli maraqlarını qətiyyətlə qoruyacaq, regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün prinsipial mövqeyini davam etdirəcək”. (APA)

Oxşar xəbərlər