Bu barədə Kənd Təsərrüfatı Nazirliyi xəbər verir.
Məlumata görə, nazirliyə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-nin təşkilatçılığı, "PAŞA Holdinq" MMC-nin maliyyə dəstəyi ilə həyata keçirilən layihə ilə bağlı və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım fermerlərlə görüş keçirilib. Görüşün əsas məqsədi kənd təsərrüfatının inkişafına töhfə verən qadın fermerlərin iqtisadi fəallığının artırılmasına, eləcə də onların biliklərinin və bacarıqlarının gücləndirilməsinə dəstək göstərmək olub.
Layihə çərçivəsində Füzulidə fəaliyyət göstərən "Zəfəran" və "Şamama" qadın qruplarına avadanlıq dəstəyi göstərilib. Bu çərçivədə 30 qadın fermer avadanlıq dəstəyi ilə təmin olunub. Bununla yanaşı, Aqrar Xidmətlər Agentliyinin təlimçi dəstəyi ilə inkubator avadanlığından istifadə üzrə praktik təlim təşkil edilib. Təlim zamanı iştirakçılara avadanlığın düzgün istismarı, məhsuldarlığın artırılması və istehsal prosesində keyfiyyət standartlarının qorunması ilə bağlı praktiki biliklər verilib.
8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilən bu görüşü yüksək qiymətləndirən qadın fermerlər bildiriblər ki, kənd yerlərində qadın sahibkarlığının təşviqinə və onların iqtisadi müstəqilliyinin gücləndirilməsinə verilən bu töhfə onların fəaliyyətini daha da stimullaşdırır.
AFAQ layihəsi qadınların kənd təsərrüfatında rolunun gücləndirilməsi, onların məşğulluq imkanlarının artırılması və sosial-iqtisadi rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. (Report)