Bu fikirləri açıqlaması zamanı Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Onun sözlərinə görə, dünyada şəhərsalma proseslərinin sürətlə artdığı bir dövrdə şəhərlərin dayanıqlı inkişafı, müasir şəhərsalma modelləri, iqlim dəyişikliklərinin şəhər mühitinə təsiri və sosial inklüzivlik kimi məsələlər beynəlxalq gündəliyin əsas mövzularından biridir. Onun sözlərinə görə, bu baxımdan dünyanın ən nüfuzlu platformalarından hesab olunan Dünya Şəhərsalma Forumunun Bakıda təşkil edilməsi Azərbaycanın qlobal problemlərin müzakirə olunduğu mühüm platformalara ev sahibliyi etmək imkanlarını bir daha nümayiş etdirir.
“Son illər Azərbaycanda həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi inkişaf strategiyası şəhərsalma sahəsində də mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradıb. Paytaxt Bakıda aparılan yenidənqurma və abadlıq işləri, müasir infrastruktur layihələri, nəqliyyat sisteminin təkmilləşdirilməsi və ekoloji layihələrin həyata keçirilməsi ölkəmizin şəhər inkişafı sahəsində ciddi təcrübə formalaşdırdığını göstərir. Bu təcrübənin beynəlxalq ekspertlər və təşkilatlarla bölüşülməsi baxımından WUF13 xüsusi əhəmiyyət kəsb edir. Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, şəhərsalma üzrə ekspertlər, akademik dairələrin nümayəndələri və özəl sektor təmsilçilərinin iştirakı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq platforması kimi rolunu daha da gücləndirir. Bu cür tədbirlər ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə, yeni tərəfdaşlıqların formalaşmasına və şəhər inkişafı sahəsində qabaqcıl təcrübələrin mübadiləsinə geniş imkanlar yaradır”, - deyə deputat qeyd edib.
Naqif Həmzəyev xüsusilə vurğulayıb ki, forumun Azərbaycanda keçirilməsi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma proseslərinin də beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımından mühüm platformadır: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, müasir urbanizasiya prinsiplərinə uyğun qurulan yeni yaşayış məntəqələri dünya üçün də maraqlı təcrübə hesab olunur. Bu layihələr dayanıqlı inkişaf və innovativ şəhər idarəetməsi baxımından nümunə kimi təqdim edilə bilər. Belə mötəbər tədbirin Bakıda keçirilməsi ölkəmizin turizm və iqtisadi potensialının təbliği baxımından da böyük əhəmiyyət daşıyır. Forum çərçivəsində ölkəmizə gələn çoxsaylı xarici qonaqlar Azərbaycanın iqtisadi imkanları, investisiya mühiti və inkişaf strategiyası ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər. Bu isə uzunmüddətli perspektivdə ölkəmizə yeni investisiyaların cəlb olunmasına və iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verə bilər”.
Naqif Həmzəyev qeyd edib ki, Azərbaycan son illərdə bir sıra nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib və bu istiqamətdə zəngin təcrübə qazanıb.
“Dünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi də ölkəmizin beynəlxalq tədbirlərin təşkili sahəsində yüksək təşkilati imkanlara malik olduğunu göstərir. WUF13 çərçivəsində aparılan müzakirələr və qəbul ediləcək qərarlar şəhərlərin dayanıqlı inkişafı, innovativ şəhər idarəçiliyi və inklüziv urbanizasiya siyasəti baxımından mühüm nəticələr verəcək. Bu isə Azərbaycanın qlobal urbanizasiya proseslərində daha fəal iştirakına və beynəlxalq əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə olacaq”, - deyə deputat əlavə edib. (AZƏRTAC)