04.02.2025, 16:50
AZ EN
04.02.2025, 09:00 240

Bu gün şəhid Şamil Nəcəfovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Şamil Rəfi oğlu Nəcəfovun doğum günüdür.

O, 1997-ci il fevralın 4-də Sumqayıt şəhərində Rəfi Nəcəfovun və Gülşən Nəcəfovanın ailəsində anadan olub. Əslən Yardımlı rayonundandırlar. 2003-2014-cü illərdə orta təhsil alıb. 2014-2018-ci illərdə Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və iqtisadiyyat" fakültəsində təhsil alıb. 2018-ci ildə bakalavrı bitirərək, magistratura təhsilinə başlayıb. 2020-ci ildə "Turizm iqtisadiyyatı" üzrə magistr dərəcəsini alıb.
Şamil Nəcəfov 14 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Şamil Nəcəfov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

Şamil Nəcəfov 1 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla Abşeron rayonunun Saray qəsəbəsində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Şamil Nəcəfov ölümündən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Şəhidimizin anası deyir ki, oğlunun döyüşlərdə iştirak etməsindən xəbərsiz olub. Şamil döyüşlərə qatıldığını onlardan gizlədirmiş. O, alnına yazılan taleyi şərəf və ləyaqətlə yaşadı. Vətən torpaqlarının hər qarışı üçün canından keçməyə hazır oldu. hünəriylə ən uca məqama - Şəhidlik Zirvəsinə ucaldı.

Uşaqlıqdan Şamilin oxumağa hədsiz həvəsi olub. Məktəbə gedəndə  artıq yazıb-oxumağı bilirdi. Kitab onun üçün ən gözəl hədiyyə olub. Ana söyləyir ki, "Şamil hələ məktəbə getmirdi, xalası Moskvadan rus dilində "Atlas mira” kitabını gətirmişdi. Kitab onun əlindən düşməzdi. Atası həmin kitabı götürüb əlçatmaz yerə qoyardı ki, uşaqdır, birdən cırar. Ata gedən kimi yalvarardı ki, "ana, nə olar, onu mənə ver də...”. Mən də fikirləşirdim ki, bu maraqsız kitabda nə görüb bu uşaq, axı hələ çox kiçikdir. Kitabda çayların, dağların cizgiləri olan xəritə şəkilləri var idi. Nə idi onu cəlb edən, heç cürə anlamırdım. Kitabın hər səhifəsinə diqqətlə baxar, baxandan sonra verərdi mənə, qoyardım yerinə”.

Şamil birinci sinifə gedəndə dərs prosesi o qədər xoşuna gəlmişdi ki, evə gələndən sonra təəssüratını bölüşməkdən yorulmamışdı. Sonrakı günlərdə isə dəfələrlə anasına demişdi: "Ana, altıncı, bazar günləri də dərs olsun da...”.

Güclü yaddaşa malik olan və dərslərə xüsusi maraq göstərən Şamil müəllimlərin diqqətini ilk günlərdən çəkmişdi. Müəlliməsi hər zaman onu tərifləyib deyərdi ki, "Şamil riyaziyyatı əla bilir”. Gülşən xanımın qardaşı fizika müəllimi olduğundan Şamillə xüsusi məşğul olardı.

"Riyaziyyatı əla bilsə də, tarix və coğrafiya fənnləri onun hobbisi idi. O qədər gözəl mənimsəyirdi ki bu elmləri”, - deyir Gülşən xanım.

“O, heç vaxt məni incitmədi. Elə bir vəziyyət yaratmadı ki, mən gedib kiməsə ağız açım, xahiş edim. İlk gündən ona demişdim: "Şamil elə hesab et ki, tamam başqa məktəbdə oxuyursan, mən də başqa məktəbdə işləyirəm. Şamili tanıyanlardan onun haqqında yalnız xoş sözlər eşitmək olar. O, çox səxavətli, əliaçıq, mərd uşaq olub. Kimsə nəsə istəsəydi, tərəddüd etmədən verərdi. Geniş ürəkli, xeyirxah, köməksizə anındaca yardım əlini uzadan, maraqlı həmsöhbət, dostcanlı, ... belə bir oğul idi bizim Şamil Nəcəfov!”

Şəhidimizin anası arzu edir ki, bugünkü dərsliklərimizdə Vətənin igid oğulları haqqında qısaca da olsa məlumat verilsin, onların şücaətlərindən yazılsın. Vaxtilə bizə necə rus qəhrəmanlarını tanıdırdılar, bu gün öz igidlərimizi uşaqlarımız tanısın. Təbliğat elə uşaq yaşlarından, bağçadan, məktəbdən başlanmalıdır.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər