25.12.2024, 18:32
AZ EN
16.12.2022, 08:39 338

Haqqını halal et, ana!

XƏBƏRLƏR
  • Nazim cəbhədən zəng edib anasına demişdi ki, haqqını halal et, mən şəhid ola bilərəm, səni bir daha görmərəm... Vətən müharibəsi başlayanda o, atasını yenicə itirmişdi. Üç bacının yeganə qardaşı evin dirəyi sayılırdı. Amma Vətəni canından artıq sevirdi Nazim. Müharibəyə könüllü yollananda heç evdə də bildirməmişdi...    

Bu gün qəhrəman oğullarımızdan biri şəhid Nazim Feyruz oğlu Hacıyevin doğum günüdür. O, 1995-ci il dekabrın 16-da Şamaxı rayonunun Şərədil kəndində anadan olub. 2002-2013-cü illərdə H.Həmidov adına Şərədil kənd tam orta məktəbində təhsil alıb. 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

44 günlük Vətən müharibəsi başlayanda Nazim könüllü cəbhəyə yollanıb. Qəhrəmanımızın şərəfli döyüş yolu Ağdərə və Suqovuşan uğrunda gedən savaşlardan başlayıb. O, bu qanlı savaşda iki dəfə yaralanıb. Ancaq ürəyindəki düşmənə nifrət hissi onu döyüş yolundan ayıra bilməyib. Özünə gələr-gəlməz yeni döyüşlərə atılıb Nazim.  Ara-sıra evlərinə zəng edəndə də, fərəhlə deyirdi ki, düşməni darmadağın edib tezliklə Zəfər qazanacağıq. Yaralı vaxtlarında belə özünün yaxşı olduğunu, düşməni məhv etdiklərini deyirmiş.

Oktyabr ayının 14-ü qəhrəman oğlumuzun  son döyüş günü olub. O, Tərtər istiqamətində qızgın döyüşlərin birində şəhadətə ucalıb. Şəhidimiz Şamaxı rayonunun Şərədil kəndində üçrəngli bayrağımıza bürünmüş böyük izdiham və el məhəbbətiylə dəfn edilib.
Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Nazim şəhadətə ucalanda onun 24 yaşı vardı, subay idi. Gənc ömrünü doğma Vətənin böyük Zəfərinə, bizə bağışladı.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Nazim balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər