"Kaspi" uzun müddət Bakıda yeganə dövri nəşr olub. Əvvəlcə qəzet həftədə iki dəfə, sonra isə üç dəfə çıxırdı. 1884-cü ildən qəzet gündəlik nəşr olunmağa başlayıb.
Qəzetin ilk baş redaktoru Viktor Kuzmin olub. 144 illik tarixi ərzində qəzetə bir çox görkəmli şəxsiyyətlər rəhbərlik edib. Onların arasında ictimai və dövlət xadimi Əli Mərdan bəy Topçubaşov xüsusi yer tutur. O, 1897-ci ildə mesenat Hacı Zeynalabdin Tağıyev qəzeti aldıqdan sonra "Kaspi"nin baş redaktoru olub. Topçubaşov "diyar əhalisinin maarifləndirilməsi" və "cəhalət və yoxsulluqdan qurtuluş"u qəzetin missiyası elan edib.
"Kaspi"nin nəşri 1919-cu ildə dayandırılıb və XX əsrin sonunda yenidən bərpa olunub. O zaman Azərbaycan dilində "Kaspi" qəzeti də çıxmağa başlayıb.
“Kaspi” və "Kaspiy" qəzetləri 2021-ci ildən Azərbaycanın ən böyük media holdinqi olan “Global Media Group”un tərkibinə daxildirlər.
Rus dilində nəşr olunan "Kaspiy"in baş redaktoru tanınmış jurnalist Vyaçeslav Sapunov, Azərbaycan dilində dərc olunan qəzetin baş redaktoru isə əməkdar jurnalist İlham Quliyevdir.
"Üç əsrin qəzeti" müasir və gözəl dizaynda çıxır. Hər şənbə günləri çap olunan rəngli, 16 səhifəlik "Kaspi"də siyasi, iqtisadi, sosial, mədəni və idman materialları dərc edilir.
"Kaspi"nin materiallarını Kaspi.az və Kaspiy.az saytlarında da oxumaq mümkündür.
“Report” informasiya agentliyinin kollektivi hər iki "Kaspi"dəki həmkarlarını əlamətdar tarix münasibətilə təbrik edir və yeni yaradıcılıq uğurları arzulayır! (Report)