23.12.2024, 03:38
AZ EN
30.03.2022, 20:30 317

Memorandumda məcburi köçkünlərin də hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq nəzərdə tutulur

XƏBƏRLƏR

Martın 30-da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi və Mediasiya Şurası arasında anlaşma memorandumu imzalanıb.

Azərbaycanda olan qaçqınların, sığınacaq axtaranların, vətəndaşlığı olmayan şəxslərin, məcburi köçkünlərin himayəsi və onların hüquqlarının müdafiəsi sahəsində sıx əməkdaşlığı nəzərdə tutan memorandumu BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso və Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov imzalayıblar.

Anlaşma memorandumunun şərtlərinə əsasən, qaçqınların, sığınacaq axtaranların, vətəndaşlığı olmayan şəxslərin və məcburi köçkünlərin hüquqlarının reallaşdırılması məqsədi ilə aidiyyəti qurumların əməkdaşları və mediatorlar üçün bilik və bacarıqların artırılması sahəsində birgə tədbirlər təşkil olunması, hüquqi yardım xidmətlərinin daha effektiv koordinasiyasının həyata keçirilməsi nəzərdə tutulur.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 1992-ci ilin dekabrından Azərbaycanda fəaliyyət göstərir və qaçqınların, məcburi köçkünlərin, sığınacaq axtaranların, vətəndaşlığı olmayan şəxslərin himayəsi və onlara yardım göstərilməsi sahəsində Azərbaycan hökumətinə dəstək göstərir.

Mediasiya Şurası 2020-ci ilin fevralından fəaliyyətə başlayıb. Qurum əsasən mediasiya sahəsində tənzimləməni və nəzarəti həyata keçirir. Qeyd olunan sahədə əsas normativ akt olan “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 2019-cu ildə qəbul edilib və 2021-ci il iyulun 1-dən tam olaraq qüvvəyə minib. Qanuna əsasən, vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya sessiyasında iştirak edirlər. (AZƏRTAC)

Oxşar xəbərlər