Azərbaycan Respublikasının Vəkillər Kollegiyası 100 ildən artıq tarixi olan və 1919-cu ildə Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin dövründə əsası qoyulmuş qurumun varisidir. Cəmi 23 ay yaşamasına baxmayaraq, AXC xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla Avropanın bir sıra inkişaf etmiş dövlətlərini qabaqlayaraq Şərqdə qadınlara seçki hüququ verilmiş ilk ölkə olmuş, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir.
Buna baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə 11-ci qızıl ordu tərəfindən ilhaq olunması nəticəsində Azərbaycan İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli dekreti ilə Azərbaycan məhkəmə palatası, ümumən prokurorluq, məhkəmə və istintaq orqanları, habelə vəkillik sistemi ləğv edilmişdir.
70 il ərzində Azərbaycanda vəkillər sovetlər tərəfindən ciddi nəzarətə məruz qalmış və yalnız 1991-ci ildə müstəqillik bərpa edildikdən sonra bu institut dirçəlməyə başlamışdır.
Belə ki, ümummilli lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalanmış, Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisatı olmuş və həmin dövrdə qəbul olunmuş yeni prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu tərəfinə çevrilmişdir. Müstəqilliyin təməlini qoyan qanunun qəbulundan sonra isə ilk dəfə olaraq 3 noyabr 2004-cü ildə keçirilmiş təsis yığıncağı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası təsis edilmişdir.
Qeyd edək ki, ədalət mühakiməsinin həyata keçirilməsində, insanların hüquq və azadlıqlarının müdafiəsində bununla da cəmiyyətdə qanunçuluğun və hüquq qaydalarının təmin olunmasında Azərbaycan vəkilliyi mühüm rola malikdir.
Azərbaycan vəkilliyinin inkişafı tarixinin yenimərhələsi hesab edilən dövr 7 dekabr 2017-ci ildə keçirilən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərinin konfransı ilə başlamışdır. Belə ki, son illər ölkəmizdə vəkillik institutunun inkişafı istiqamətində mühüm işlər görüldüyünün şahidi oluruq.
“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının preambulasında da qeyd edildiyi kimi insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır.
Vəkilliyin yeni inkişaf mərhələsinə təkan vermiş sözügedən Sərəncamda dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin 3 dəfə artırılması, ixtisas imtahanlarının müntəzəm keçirilməsi, üzvlüyə xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması, vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlərin görülməsi, aztəminatlı şəxslər üçün ödənişsiz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi, müasir İKT-nin tətbiqi, hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlərin görülməsi və sair məsələlər öz əksini tapmışdır. Sərəncamda qeyd olunan işlər bu gün tam gücü ilə icra olunmaqdadır.
Hazırladı: Mina RƏŞİD