01.07.2025, 16:38
AZ EN
03.09.2022, 17:55 597

Aztəminatlı ailələrə pulsuz hüquqi yardım xidməti göstəriləcək

XƏBƏRLƏR
  • “Sosial hüquqların araşdırılması” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aztəminatlı ailələrin sosial hüquqlarının müdafiəsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” adlı layihəsini həyata keçirməyə başlayıb.

İctimai Birlikdən bildirilib ki, layihənin əsas məqsədi əhalinin aztəminatlı və sosial müdafiəyə xüsusi ehtiyacı olan təbəqələrinin sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılmasından, regionlarda “Ödənişsiz hüquqi yardım günləri”nin təşkil edilməsindən, vəkillərin, vəkilliyə namizəd olan nümayəndələrin, praktik hüquqşünasların, hüquq fakültəsi tələbələrinin, eləcə də sosial sahədə fəaliyyət göstərən QHT-lərin sosial hüquqlara dair biliklərinin artırılması üçün təlimlərin təşkilindən, sosial məsələlər üzrə hüquq klinikasında benefisiarlara ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsinin davam etdirilməsindən ibarətdir.

Layihə çərçivəsində sosial məsələlər üzrə hüquq klinikasının fəaliyyətinin təmin edilməsi və genişləndirilməsi, sosial qanunvericiliyə dair maarifləndirici bukletin və sosial qanunvericiliyin əsas müddəalarına dair materialların hazırlanması və benefisiarlara paylanması, Bakı və Gəncə şəhərlərində, Bərdə, Tovuz və İsmayıllı rayonlarında “Ödənişsiz hüquqi yardım günü”nün təşkil edilməsi, vəkilliyə namizəd olan şəxslərin sosial hüquqlara dair biliklərinin artırılması üçün təlim və ictimai müzakirələrin təşkili layihədə nəzərdə tutulan fəaliyyətlərin və araşdırmaların nəticəsi olaraq “Aztəminatlı ailələrin sosial hüquqlarının müdafiəsi ilə bağlı meydana çıxan problemlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsinə dair tövsiyələr” adlı yekun sənəd hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim ediləcək.

Layihə çərçivəsində Sosial məsələlər üzrə hüquq klinikasında sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardım xidməti göstəriləcək. Klinikaya sentyabr ayının 1-dən etibarən müraciət edilə bilər. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə Klinikada qəbul günləri həftənin I- V günləri, saat 10:00-dan 17:00-dək həyata keçiriləcək.

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 iyun 2012-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınıb. Təşkilatın əsas amalı və hədəfi dövlətin sosial layihələrinin həyata keçirilməsində fəal iştirak etmək, vətəndaşların sosial hüquqlarının müdafiəsi işinə dəstək olmaq və bununla da Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına əməli köməklik göstərməkdir. (AZƏRTAC)

Oxşar xəbərlər