09.06.2025, 17:56
AZ EN
30.01.2023, 17:15 304

Mən o torpağı görmək istəyirəm...

XƏBƏRLƏR
  • İnsanın doğulub boya-başa çatdığı torpaq ona çox əzizdir. Harada  yaşamağından asılı olmayaraq o doğulduğu eli, obanı, ev-eşiyini unuda bilmir...

Qərbi Azərbaycanın Vedi rayonunun Böyük Gilanlar kəndindən  1949-cu ildə didərgin düşən Xanlar Bayramov da elədir: O, deyir:  “Prezident danışanda mən elə bil, qanad açdım uçmağa. Çünki mənim ürəyimdə dağ var. Mən o torpağı görmək istəyirəm. Əzəldən o yerlərdə ermənilər yaşamayıb. O vaxt xaricdən erməniləri gətirib tökdülər bizim kəndə. Bizim evimizin bir gözünü alıb məcbur verdilər erməniyə. Bir il həyətdə ermənilərlə yaşadıq”. Xanlar kişinin 85 yaşı var. O, doğma torpaqlarından danışarkən göz yaşlarını saxlaya bilmədi. Sanki ana torpaq onu çağırır və özünün dediyi kimi o da, yurduna quş kimi uçub getməyə hazırdı... X.Bayramov illərdi məskunlaşdıqları İmişli rayonunun  Şahverdilər kəndində Vətən həsrəti ilə yaşayıb. Onlar dağ adamları olduğundan aran iqliminə uyğunlaşmaqda çox çətinlik çəkiblər...

Vedi rayonunun Bayqut kəndindən olan Nizami Allahverdiyev də yurdundan didərgin düşənlərdəndi. Onlar isə 1988-ci ildə doğma torpaqlarımızdan çıxarılıblar. O, deyir ki, şaxtalı-qarlı dekabr ayında bizi çöllərə saldılar. Onda yeganə yol dəmiryolu idi. “Mən çox çətinliklə qohumlarımı da götürüb Vedi rayonunun Şirazlı kəndinə gəlib çıxdım”. Deyir ki, onların da kəndləri ancaq azərbaycanlılardan ibarət idi. Ermənilər onları yurdundan çıxarmaq üçün rabitə xəttini, elektrik enerjisini kəsib, yollarını bağlayıblar. Sonra da kəndlərini viran qoyublar. Soydaşımız deyir ki, onların niyyəti orada yaşamaq yox, torpaq iddiası, etnik təmizləmə siyasəti olub. Azərbaycanlıların izlərini qədim yaşayış yerlərindən silməyə çalışaraq, hər çür saxtakarlığa əl atıblar.

Amma atalar da yaxşı deyib, yalan ayaq tutar, yeriməz. Erməni terrorçuları öz saxta bəyanatlarını nə qədər dünyaya yaysalar da, yavaş-yavaş maskaları üzlərindən sürüşməyə başladı. Dünya gördü ki, Azərbaycanın gözü heç kəsin torpağında, malında-mülkündə deyil. O, öz torpaqlarının sahibidir. Bunu 44 günlük şanlı Vətən Müharibəsində qazandığımız böyük Zəfər də dünyaya sübut elədi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycan İcmasında bir qrup Qərbi Azərbaycanlılarla görüşündə dediyi kimi, biz öz ata-baba yurdumuza qayıdacağıq. Uşaqlarmız, nəvələrimizlə Qərbi Azərbaycan torpaqlarında yenidən yaşamağa davam edəcəyik.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər