24.04.2025, 10:12
AZ EN
31.07.2024, 09:46 429

Bu gün şəhid Elvin Əliyevin doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsi şəhidi Elvin Famil oğlu Əliyevin doğum günüdür. O, 2000-ci il iyulun 31-də Şəmkir rayonunun Sərxan kəndində anadan olub. 2007–2018-ci illərdə Q. Mirzəməmmədov adına Sərxan kənd tam orta məktəbində təhsil alıb. Elvin Əliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Ordumuzun əsgəri Elvin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərə qatılıb. Füzulinin azadlığı uğrunda gedən savaşlarda mərdliklə vuruşub.

Elvin Əliyev oktyabrın 6-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla doğma Şəmkir rayonunun Sərxan kəndində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən Elvin Əliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Atası deyir ki, Elvin uşaqlıqdan çox sakit övlad olub. Özündən böyüyə hörmət qoyardı. Onun davranışından razı idim, sevinirdim ki, belə tərbiyəli övladım var. Müharibədə axırıncı dəfə oktyabrın 5-də onunla danışanda silah səslərini eşitdim. Bir neçə gündən sonra isə şəhid xəbəri gəldi...

Dostları danışırlar ki, Elvin xeyirxah, xoşxasiyyət insan idi. Heç kəsə və heç nəyə zərər vermək istəməzdi. Heç qarışqanı belə tapdalamazdı.  

Elvinin iki bacısı var. Məktəbdə həmişə onların qayğısına qalardı. İndi bacıları bunları bir xatirə kimi söyləyirlər.

Onun haqqında danşanların hamısı Elvinin həm də vətənpərvər bir oğul olduğunu xüsusi olaraq qeyd edirlər. Elə bu sevgiylə də o, öz gənc ömrünü Vətənə, topaqlarımızın azadlığına bağışladı.

Bu gün bütün doğmaları ilə bərabər bütün Azərbaycan Elvin kimi qəhrəman oğullarımızla qürur duyur. 

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Elvin balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər