21.09.2024, 09:49
AZ EN
08.12.2023, 10:45 270

Şir ürəkli Pərviz

XƏBƏRLƏR
  • Pərviz hərbçi idi. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmət edirdi. Elə ona görə də, baş əsgər kimi Vətən Müharibəsinə çoxdan hazır idi. O, döyüşlərdə elə şücaətlər göstərirdi ki, yoldaşları ona şir ürəkli deyirdilər. Füzuliyə bayrağımızı sancan Pərviz Şuşada müharibənin son anlarında, noyabrın 6-da qəhrəmancasına şəhadətə ucaldı…

İkinci Vətən Müharibəsi şəhidi, baş əsgər Pərviz Fərmayıl oğlu Həsənov 1989-cu il dekabrın 8-də Samux rayonunun Poylu kəndində anadan olub. 1997-2008-ci illərdə Poylu kənd tam orta məktəbində təhsil alıb.  2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının baş əsgəri olan Pərviz Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində döyüşlərdə mərdliklə savaşıb. Füzuli, Cəbrayıl və Şuşa uğrunda döyüşlərdə şücaətlər göstərib.

Füzulidə bayrağımızı dalğalandırıb. Vətənin igid oğlu noyabrın 6-da Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Şəhidimiz doğma kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Pərviz Həsənov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Atası deyir ki, Pərviz onlara cox bağlı idi: “Müharibə vaxtı dedim ki, oğluma ehtiyatlı ol, o da cavab verdi ki, şəhid olanlar məndən artıq deyil, lazım gələrsə mən də vətənimiz üçün şəhid olmağa hazıram. Çox cəsur övlad idi. Yoldaşları onun şir ürəkli olduğunu deyirdilər”.

Pərviz ailəli idi, bir övladı Vətənə yadigar qalıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər