24.04.2025, 18:40
AZ EN
26.11.2024, 11:06 312

Həmişə qalib olan İlkin...

XƏBƏRLƏR
  • İlkin düz 5 yaşından idmanla məşğul olmağa başlayıb. Ölkədə və dünyada böyük uğurlara imza atıb. İdmançı olmağı və döyüşkənlik bacarığına görə XTQ-də Vətənə xidmət edib. İlkin belə adlı-sanlı olmasına baxmayaraq olduqca sadə, mehriban insan idi. Qardaşı deyir ki, o məndən 8 yaş böyük olsa da bunu hiss etdirmirdi. İlkin mənimlə həm də ən yaxın bir dost idi.

İlkin şəhid olduğu gün səhər anasıyla danışıb. Deyib ki, o Vətən uğrunda  şəhid olarsa başını dik tutsun. Bu o vaxt idi ki, anası onun 30 yaşını qeyd etməyə hazırlaşırdı...

İlkinin atası da idmançı olub, deyir ki, müharibədə kişilər vuruşmalıdı. Mənim də oğlum kişi kimi vuruşdu. Qələbəyə çox az qalmış qalmş şəhadətə ucaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

İlkinin həyat yoldaşı, iki qızının anası da onunla bağlı ancaq xoş xatirələrini paylaşır. Onunla fəxr elədiyini söyləyir. Deyir ki, İlkin bizim üçün həmişə yaşayacaq, Azərbaycan üçün də...

Bu gün Azərbaycan Ordusunun kiçik çavuşu, altıqat Azərbaycan, üçqat  dünya çempionu olan qəhrəman şəhidimiz İlkin Abdulla oğlu Məmmədovun doğum günüdür. O, 26 noyabr 1990-cı ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan olub. 1997-ci ildə Kürdmahmudlu kənd tam orta məktəbinin 1-ci sinifinə qəbul olunub. Sonra ailəsi Abşeron rayon Saray qəsəbəsinə köçdüyünə görə 11-ci sinifi orada bitirib. İdmana böyük həvəsi olduğuna görə kiçik yaşlarından məşqlərə başlayan İlkin 2000-ci ildə karate üzrə Respublika çempionatında 3-cü yeri tutub. 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. İdman sahəsində tanındığına görə N saylı hərbi hissənin xüsusi təyinatlı bölməsində xidmət edib.

İlkin Məmmədov 2012-ci ildə hərbi dəniz qüvvələrində işə qəbul edilib. MMA döyüş növü üzrə beynəlxalq dərəcəli hakim statusunun sahibidir. O, 2020-ci ilin avqust ayından N saylı hərbi hissədə işə qəbul edilib.

Azərbaycan Ordusunun kiçik çavuşu olan İlkin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə ilk gündən silaha sarılaraq bir neçə döyüş əməliyyatlarında fəal iştirak edib. İgid döyüşçü düşmənin xeyli canlı qüvvəsinin məhv edilməsində xüsusi şücaaətlər göstərib.

İlkin Məmmədov 2 noyabr 2020-ci il tarixində Şuşa şəhəri ətrafında döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz böyük izdihamla Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İlkin Məmmədov ölümündən sonra lll dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Füzulinin azad olunmasına görə”, “ Xocavəndin azad olunmasına görə “, "Şuşanın azad olunmasına görə", “ İgidliyə görə” və  “ Vətən uğrunda” medalları ilə təltif edilib.

Şəhidimiz ailəli idi, onun iki övladı Vətənə yadigar qalıb.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər