19.06.2025, 19:01
AZ EN
19.06.2025, 14:19 206

İlham Quliyev: "İşğaldan azad olunan ərazilərdə yeni su anbarlarının tikintisi planlaşdırılır"

XƏBƏRLƏR
  • Azərbaycanın işğaldan azad olunan ərazilərində su təminatının yaxşılaşdırılması məqsədilə bir sıra yeni su anbarlarının tikintisi planlaşdırılır.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq Həkəriçay və Bərgüşadçay su anbarlarının texniki-iqtisadi əsaslandırması və layihə-smeta sənədləri hazırlanıb:

"Həkəriçay su anbarının 91 milyon kubmetr, Bərgüşadçay su anbarının isə 67 milyon kubmetr həcmində olması nəzərdə tutulur. Bu layihələrin icrası Laçın, Qubadlı, Zəngilan və digər rayonların həm suvarma, həm də içməli su ilə təminatına töhfə verəcək".

İ. Quliyev əlavə edib ki, Sərsəng su anbarı üzrə texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması da başa çatmaq üzrədir: "565 milyon kubmetr həcmə malik olacaq su anbarı Ağdərə, Tərtər, Ağdam, Bərdə, Goranboy və Yevlax rayonlarında ümumilikdə 96 min hektar sahənin suvarılmasına xidmət edəcək".

ADSEA rəsmisi qeyd edib ki, Qız qalası su anbarı və ondan çıxacaq 52 km-lik magistral kanal, həmçinin Tərtərçay Sağ Sahil suvarma kanalı layihələrinin sənədləri də artıq hazırdır və yaxın zamanda icrasına başlanacağı gözlənilir: "Sözügedən layihələr nəticəsində on minlərlə hektar əkin sahəsinin su təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq". (Report)

Oxşar xəbərlər