Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Məhəmmədəli Mütəllim oğlu İbrahimlinin doğum günüdür. O, 1996-cı ildə noyabrın 22-də Beyləqan rayonunda anadan olub. Əslən Füzulinin Cuvarlı kəndindəndir. 2003-2014-cü illərdə 215 nömrəli orta məktəbdə təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr təhsili aldıqdan sonra 2018-ci ildə Azərbaycan Texniki Universitetində magistr təhsili alıb. O, "İmarət" azarkeş qrupunun ən fəal üzvlərindən olub.
2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Ordusunun kəşfiyyatçı əsgəri olan Məhəmmədəli İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 3-dən 4-nə keçən gecə döyüşdə ağır yaralansa da, bir həftə hospitalda müalicə aldıqdan sonra təkid edərək yenidən cəbhəyə qayıdıb.
13 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Onun nəşi 63 gün axtarışdan sonra tapılaraq 15 dekabr 2020-ci ildə böyük izdihamla Sabunçu Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
2021-ci ildə bir qrup dostu tərəfindən onun xatirəsini yaşatmaq məqsədilə dünyanın fərqli yerlərində məskunlaşan azərbaycanlı tələbələrin magistr səviyyəsi üzrə təhsilini dəstəkləmək üçün "Məhəmmədəli İbrahimli Təqaüd Proqramı" təsis edilib.
2021-ci ilin may ayında "Qarabağ" futbol klubu "Neftçi" ilə həlledici qarşılaşmadan öncə Peşəkar Futbol Liqasına medal alacaq komanda üzvlərinin siyahısına Məhəmədəli İbrahimlinin də adını salıb. Oyundan sonra M.İbrahimli “Qarabağ” komandasının üzvü kimi ölümündən sonra Azərbaycan Premyer Liqasının gümüş medalına layiq görülüb.
21 yanvar 2021-ci ildə "Qarabağ" və "Sabah" futbol klubları arasında keçirilən oyunun 72-ci dəqiqəsində "Qarabağ"ın qələbə topunu vuran Mahir Emreli qoldan sonra üzərində Məhəmmədəli İbrahimlinin şəkli olan ağ formanı nümayiş etdirib.
23 iyul 2021-ci ildə Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında Vətən Müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin xatirəsinə həsr olunmuş sərgi açılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Məhəmmədəli İbrahimli ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD