Şəhid Tərlan Əliyevin sinif yoldaşı, Elxan Zeynalov:
-Hər səhər bir yerə birləşib dərsə gedirdik. O, çox gözəl idmançı idi. Yaxşı güləşirdi, həmişə nailiyyətləri olurdu. Birinci yerə çıxırdı. Ondan sonra elə dövrə təsadüf elədik ki, müharibə başladı. O, cəbhəyə getdi. Ön sıralarda döyüşdü və qəhrəmancasına şəhid oldu.
Qeyd edək ki, Tərlan Əliyev 1992-ci il avqustun 15-də şəhid olub. Füzuli şəhər qəbiristanlığında dəfn edilib. Füzuli işğal ediləndən sonra erməni vandalları qəbiristanlqları da dağıdıb. Tərlanın məzarı da vandalizmin qurbanı olub.
Şəhid Tərlan Əliyevin sinif yoldaşı, Gülşən Məmmədova:
-Onun qəbri tapılmırdı. Artıq onun qəbrinin yeri müəyyən olunub və biz də sinif uşaqları ilə qərara gəldik ki, öz borcumuzu yerinə yetirək, Tərlanın qəbrin ziyarət edək. Özümü çox rahat hiss edirəm. Elə bil ki, vicdani dorcumuzu yerinə yetirmiş kimi olduq.
Aliə üzvləri kimi, sinif yoldaşları da şəhid Tərlan Əliyevi xatirələrində yaşadıblar. İnanıblar ki torpaqlarımız azad olunacaq və Tərlanın məzarını da ziyarət edə biləcəklər.
Şəhid Tərlan Əliyevin sinif yoldaşı, Şəhriyar Əliyev:
-Tərlan bizim bu torpaqlarımız uğrunda döyüşüb. Şəhid olub. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun.
Şəhid Tərlan Əliyevin sinif yoldaşı, Şəfaqət Orucova:
-Ölümündən 6 ay sonra onun qızı dünyaya gəldi. İndi şükür Allaha, qızı da evlidir. Tərlanın nəvələri var. Şükür ki, torpaqlarımız işğaldan azad edildi. Biz gəldik Tərlanı ziyarət elədik.
İşğal dövründə erməni vandalları tərəfindən dağıdılan Füzuli şəhər 2 saylı orta məktəb onlara nə qədər doğmadır. Vandalizmə məruz qalan bu bina ilə bağlı onların şirin şagirdlik illərinin xatirələri var.
Şəhid Tərlan Əliyevin sinif yoldaşı, Kəmalə Dadaşova:
-Erməni vandalları buranı xarabaxanaya çeviriblər. Məktəbimiz də xarabaxananı xatırladır. Biz buranı belə görmək istəmirdik. Vətən işğal olundu, çox acılar çəkdik, doğma ev-eşiyimizdən didərgin düşdük. Amma yeni də bütün bu kədərin içində qəlbimizdə böyük sevinc var ki, Qarabağ bu gün azaddır, inkişaf edir, yenidən qurulur.
Bəli, Qarabağ və Şərqi Zəngəzur bərpa olunur. Füzuli şəhəri də yenidən tikilir. Artıq onun sakinlərinin bir hissəsi geri dönüb. Bu torpaqlar uğrunda vuruşan və canından keçən Tərlan Əliyevin də ruhu, şübhəsiz ki, indi şaddır.
Hazırladı: Tahirə AĞAMİRZƏ