Vətən müharibəsinin qəhrəman şəhidi İlqar Adışirin oğlu Baxışovun bu gün doğum günüdür. O, 21 noyabr 2000-ci ildə Horadiz şəhərində anadan olub. 2007-ci ildə Horadiz şəhəri 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə qədəm qoyub. 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirib. İlqar həmişə davranışı, hərəkətləri ilə yoldaşlarına nümunə olub.
2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətə Tərtər rayonunda başlamışdı.
Azərbaycan Ordusunun əsgəri olan İlqar Baxışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. O, Suqovuşanın işğaldan azad olunması uğrunda aparılan qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz böyük izdiham və ehtiramla oktyabrın 15-də Horadiz şəhər qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İlqar Baxışov ölümündən sonra “Suqovuşanın azad edilməsi uğrunda”, "Vətən uğrunda" və “İgidliyə görə” medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD