09.06.2025, 11:45
AZ EN
15.07.2024, 09:01 341

İsmayılın gözəl səsi var idi...

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi, çavuş İsmayıl Əli oğlu Qabilovun doğum günüdür.

O, 1983-cü il iyulun 15-də Kəlbəcər rayonunun Mozqaraçanlı kəndində anadan olub. 1993-cü ildə Kəlbəcər rayonunun erməni silahlı dəstələri tərəfindən işğal edilməsindən sonra Qabilovlar ailəsi Gəncə şəhərinin Gülüstan qəsəbəsində yaşamağa başlayıblar. İsmayıl orta məktəbi Gəncədə bitirib və buradan hərbi xidmətə yola düşüb. İsmayılın ən böyük arzusu işğal altında qalan torpaqlarımızın, o cümlədən doğma Kəlbəcərin azad olunması idi. Buna görə də, onun gözəl səsi olsa da o hələlik musiqiçi kimi yox, hərbçi kimi Vətənə xidmət etməyi  seçmişdi. İsmayıl Qabilov müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmət edirdi.

Azərbaycan Ordusunun çavuşu olan İsmayıl Qabilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə mərdliklə savaşıb.

İsmayıl Qabilov sentyabrın 27-də Murovdağda gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhadətə ucalıb. Uzun müddət onun nəşi tapılmayıb. Nəhayət iki aydan sonra onun nəşi tapılaraq ailəsinə təhvil verilib və şəhidimiz böyük izdihamla Gəncədə Göygöl Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İsmayıl Qabilov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "igidliyə  görə" medalı ilə təltif edilib.

Şəhidimiz ailəli idi, onun iki övladı Vətənə yadigar qalıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər