Doğum günün mübarək!
İgid balam, necəsən?
Ürəyimin parası,
Şəhid balam, necəsən?
Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi Xəzər Azad oğlu Bayramovun doğum günüdü. O, 14 noyabr 1997-ci ildə Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olub. 2004-2015-ci illərdə Ağcabədi rayon Qaravəlli kənd tam orta məktəbində təhsil alıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olan Xəzər Bayramov 2019-cu ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq tank heyətində xidmət edirdi.
Xəzər Bayramov Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda gedən 44 günlük müharibədə tuşlayıcı-atıcı olaraq iştirak edib edib. İgid Vətən övladı oktyabrın 2-də Füzuli rayonunun azadlığı uğrunda gedən gərgin döyüşlərdə şücaətlər göstərərək şəhadətə ucalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Xəzər Bayramov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhidimiz böyük izdiham və ehtiramla doğma kəndində dəfn edilib.
Qaravəlli kəndində böyüdüyü küçəyə onun adı verilib və xatirə lövhəsi ucaldılıb.
Bu gün doğum günü olan şəhidimiz Xəzər Bayramov kimi oğulların adı doğma Azərbaycanın fəxarət yeridir. Çünki onlar bu adı öz qanlarıyla Şanlı Zəfər tariximizə həkk ediblər.
Şəhidlər ölmür, uca
Zirvədə qarsan, oğlum.
Fəxr edirəm səninlə
Nə yaxşı varsan, oğlum!
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Xəzər balamız!
Mina RƏŞİD