18.12.2024, 09:45
AZ EN
01.11.2024, 13:53 267

AzMİU-da şəhid Ramil Ağayevin adına studiya açılıb

XƏBƏRLƏR
  • Azərbaycan Memarlıq və İnşaat Universitetində Memarlıq fakültəsinin məzunu, 44 günlük Vətən müharibəsi şəhidi Ramil Ağayevin adına studiya açılıb.

Bununla bağlı mərasimdə şəhidin anası Şəhla Ağayeva, atası Ağarəhim Ağayev, həyat yoldaşı Lamiyə Ağayeva, universitet rəhbərliyi, qrup yoldaşları, müəllimlər və tələbələr iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə Memarlıq fakültəsinin birinci mərtəbəsində Ramil Ağayev (1994–2020) və Birinci Qarabağ müharibəsində şəhid olan tələbə Fuad Əsədovun (1972–1992) xatirəsinə həsr edilən qorelyefin önünə qərənfillər düzüblər. Hər iki şəhidin simasında Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edənlərin xatirəsi ehtiramla anılıb.

Sonra şəhid Ramil Ağayevin adına studiyanın qapısı üzərində lövhənin açılışı olub. Otaqda onun həyat və döyüş yolunu əks etdirən posterlər və qərənfillərlə bəzədilmiş xatirə guşəsi qurulub.

Tədbirdə şəhid haqqında məlumatları əks etdirən slayd təqdim olunub, tələbələrin ifasında vətənpərvərlik mövzusunda musiqi əsərləri səsləndirilib.

Anım tədbiri daha sonra İtaliya-Azərbaycan Dizayn mərkəzində davam edib. Çıxışlarda şəhid Ramil Ağayevin adını daşıyan studiyanın onun qəhrəmanlıq dolu həyatını və tələbəlik dövründəki arzularını gələcək nəsillərə çatdırmaq üçün yaddaş simvolu olacağı bildirilib.

Qeyd edək ki, Ramil Ağarəhim oğlu Ağayev 20 sentyabr 1994-cü ildə Sabirabad rayonunda doğulub. Ailənin yeganə övladı olub. 2016-cı ildə Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsini bitirib. 2020-ci ilin Vətən müharibəsində Füzuli və Hadrut istiqamətlərində döyüşlərdə iştirak edib. Oktyabrın 11-də şəhid olub. Sabirabad rayonunda torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi, bir qızı Vətənə əmanət qalıb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər