20.10.2024, 01:44
AZ EN
16.10.2024, 16:58 221

Vətən müharibəsi iştirakçısı: Əsgər yoldaşlarımın gözlərindəki qürur hissini heç zaman unutmayacağam

XƏBƏRLƏR
  • “Mən sentyabrın 27-də Azərbaycan Milli Ordusu əks-hücum əməliyyatlarına başlayan ilk gündən döyüşlərdə iştirak etmişəm. Təsadüfə baxın ki, həmin tarix həm də mənim doğum günümdür. Bəzən düşünürəm ki, bu hüznlü, eyni zamanda qürur dolu günlər mənə Tanrının hədiyyəsi olub. Bəli, mənim üçün Vətən uğrunda döyüşmək, bu şanlı tarixdə iştirak etmək böyük və əvəzolunmaz hədiyyədir”.

Bu sözləri Vətən müharibəsi iştirakçısı Ramin Nəcəfzadə deyib.

Ramin 1997-ci ildə Bakı şəhərində anadan olub və təhsilini Türkiyədə bitirdikdən sonra Vətənə olan borcunu ödəmək üçün hərbi xidmətə başlayıb. R.Nəcəfzadənin sözlərinə görə, müharibənin başlaması, yəni Ali Baş Komandanın əks-hücum əmri verilən zaman o, Füzulidə imiş: “Xatırlayıram ki, səhər saatlarında taqımda müharibənin başlaması ilə bağlı xəbərlər yayıldı. Bütün dünyada müharibə olduqca dəhşətli, qoxu dolu hislər yaradan hadisədir. Ancaq biz bu xəbəri eşidəndə sevinc hissi yaşadıq. Əsgər yoldaşlarımın gözlərindəki o qürur hissini heç zaman unutmayacağam. Hərbi hissə sanki bu günü gözləyirmiş kimi sevincli idi. Həmin an anladım ki, bu mənim həyatımın ən unudulmaz doğum günü olacaq”.

Təcrübəsinin az olmasına baxmayaraq, içindəki Vətən sevgisi və qəlbində alovlanan intiqam atəşi onu verilən tapşırıqları uğurla yerinə yetirməyə sövq edib: “İlk günlər daha çox müharibəyə hazırlıq prosesi gedirdi. Biz müharibə üçün təlimləri Ağcabədi rayonunda keçdik. Əhali Füzuliyə yola düşdüyümüz maşının içərisinə azuqələr, tibbi ləvazimatlar atırdı. Hamı bizi qürur və bir qədər də kədər dolu ifadələrlə cəbhəyə yola saldı. Hamımız praktiki təlimlər keçmişdik, ancaq müharibə tamamilə başqa anlayışdır. Ən böyük qorxumuz isə döyüş yoldaşlarımızı itirmək idi. Hətta döyüşlər zamanı elə vəziyyət yaranırdı ki, sən öz canından çox yanındakı döyüş yoldaşının həyatını düşünürsən. Bu duyğuları sözlə ifadə edə bilmirəm...”

Raminin sözlərinə görə, o, 44 gün ərzində həyatının ən vacib sınağından keçib. Sevdiyi formanı geyinib, düşmənlə üz-üzə döyüşmək və Zəfəri döyüş meydanında yaşamaq ona nəsib olub: “Çox çətin, məsuliyyətli, qürurlu günlər idi. Bizim Ali Baş Komandanımıza güvənimiz sonsuzdur. Allaha min şükür ki, döyüşdən üzüağ, alnıaçıq çıxdıq. Döyüşlər zamanı hər kəs nə olur-olsun sona qədər getməyi düşünürdü”.

Vətən müharibəsi iştirakçısı müharibə dövründə unutmadığı xatirələrini də bölüşüb: “İşğaldan yeni azad olunan Xocavənd ərazisindəki kəndə daxil olduq. Həmin bölgə tam kəşf olunmamışdı. Komandirimiz bizə evlərin birində gecələməyi və səhər yolumuza davam etməyi əmr etdi. Girdiyimiz evlərin birinin zirzəmisində silahlı erməni gizlənmişdi. Buna baxmayaraq pusquda gözləyib Azərbaycan əsgərini öldürə biləcəyini düşünən erməni qısa müddətdə zərərsizləşdirildi.

Ən çətin döyüşlərimiz isə Füzulinin Alıxanlı kəndi ərazisində keçib. Bizim döyüşə girmədən öncə bir-birimizlə sağollaşmağa fürsətimiz oldu. Həmin döyüşdə bir neçə silahdaşımız şəhidlik zirvəsinə ucaldı və. Müharibəyə könüllü gələn əsgər yoldaşımı xatırlayıram. O, yeni ata olmuşdu və oğlunun köynəyini özü ilə daşıyırdı. Atışma zamanı ağır yaralandı və həmin köynəyi qucaqlayıb şəhid oldu. Təsadüfə baxın ki, şəhid olmazdan əvvəl, həmin gün biz onunla şəhidlik haqda danışmışdıq və əsgər yoldaşım mənə dedi ki, “Bu gün şəhid olacağımı hiss edirəm”. Bu yolda neçə qardaşımızı, dostumuzu, silahdaşımızı itirdik. Təsəllini torpaqlarımızın azad olunması və şəhidlərimizin qisasının yerdə qalmaması ilə alırıq. İgid qardaşlarımızın əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq, onların uyuduğu məzarlar nəinki bizim, gələcək nəsillərin də ziyarətgahına çevriləcək”.

Qeyd edək ki, R.Nəcəfzadə “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. (AZƏRTAC)

Oxşar xəbərlər