23.05.2025, 09:39
AZ EN
10.10.2024, 10:42 343

Bu gün şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun anım günüdür

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsi Qəhrəmanı, şəhid, polkovnik-leytenant Əfqan Abdurahmanovun anım günüdür. O, 1976-cı ildə Bakı şəhərində dünyaya göz açıb. 1995–1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olduqdan sonra, 1997–2001-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2001–2002-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təcrübədə olduqdan sonra ordu sıralarında xidmət etməyə başlayıb. 2016-cı ilin "Aprel" döyüşlərinin iştirakçısı olub.

Əfqan Abdurahmanov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Oktyabrın 10-da Suqovuşan yaxınlığındakı "Qlobus" yüksəkliyi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə ucalıb.

Əfqan Abdurahmanov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.

Şəhidimizin həyat yoldaşı Rəqinə xanım deyir ki, Əfqan həyatının çox hissəsini hərbidə keçirməsinə baxmayaraq səyahət etməyi, yeni yerlər görməyi çox sevərdi. Evdə oturmağı sevməzdi, gəzməkdən zövq alardı. Qohumlar, dostlar Əfqanın məzuniyyətə çıxdığını eşidən kimi zəng edər, görüşmək istədiklərini bildirərdilər. Bu, Əfqanın qohumcanlığından, dostcanlığından irəli gəlirdi, onlarla daima hal-əhval tutardı. Məzuniyyət günlərinin çox hissəsini də onlarla bir yerdə keçirərdi.
Əfqan qulluq etdiyi müddətdə Türkiyə, Çexiya və Çində Müdafiə Nazirliyinin sərəncamları ilə müxtəlif kurslara, hərbi təlimlərə qatıldı. Çindən qayıtdıqdan sonra həmişə bizə deyərdi ki, təqaüdə çıxandan sonra sizi mütləq ora aparacağam, görməli yerləri var - Böyük Çin Səddi, Səma məbədi, Qadağan olmuş şəhər, qəribə yeməklər…
Biz Əfqanın təqaüdə cıxıb bizimlə yaşamasını istəyirdik. 26 ildir ki, hərbi xidmətdə idi, xidməti dövründə dəfələrlə yüksək döyüş hazırlığına, nizam-intizama və qüsursuz xidmətinə görə hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla, Prezident İlham Əliyev tərəfindən “Qüsürsuz xidmətə görə” 3-cü və 2-ci dərəcəli medalları ilə təltif edilmişdi.
Mən ömrümüzün sonunadək səs-küydən uzaq, sakit bir həyat yaşamağı arzulayırdım, amma arzum həyata keçmədi. Çünki onun ürəyində qələbə arzusu vardı. Torpaqlarımızın düşmən tərəfindən işğal edilməsi ilə heç cür barışa bilmirdi, özünü təhqir olunmuş sayırdı, intiqam almaq üçün yaşayırdı. Onda böyük ruh yüksəkliyi, qələbə əzmi vardı.
Deyərdi ki, siz düşmən üzərində qələbə çalıb xidməti başa vurmağın nə olduğunu bilirsinizmi?
Əfqan övladları ilə vaxt keçirməyi də sevərdi. Həm oğluna, həm də qızına vaxt ayırar, onlarla həmyaşıd kimi söhbət edər, məsləhətlər verər, onları vətənpərvər böyüdərdi…
Ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər