Elyəddin Cəfərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naftalan şəhər üzrə Hərbi Komissarlığında könüllü qeydiyyatdan keçib. Beləliklə, 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Elyəddin Cəfərov könüllü olaraq yenidən hərbi xidmətə çağırılıb. O, atıcı kimi Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşaraq şücaətlər göstərib.
Elyəddin Cəfərov 2020-ci il oktyabrın 20-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz doğulduğu kənddə böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elyəddin Cəfərov ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və
III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD