17.06.2025, 03:18
AZ EN
25.08.2022, 18:10 634

Cəsur əsgər Rahib Məmmədovun xatirəsi anılıb

XƏBƏRLƏR
  • Gürcüstanda 1987-ci ildə  baş verən təbii fəlakət zamanı insanları xilas edərkən qəhrəmanlıqla həlak olan cəsur azərbaycanlı əsgər Rahib Məmmədovun xatirəsi anılıb. Ağdam rayonunda Rahib Məmmədovun adını daşıyan Döyüş Şöhrəti Muzeyində keçirilən tədbirdə mədəniyyət işçiləri, məktəblilər, kənd sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Rahib Məmmədovun Mahrızlı kənd tam orta məktəbinin qarşısındakı büstü önünə gül dəstələri qoyaraq xatirəsini anıblar.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər əsgər Rahib Məmmədovun mənalı və qəhrəmanlıqla dolu həyatından bəhs ediblər. Məlumat verilib ki, Rahib Gülmalı oğlu Məmmədov 1967-ci il avqustun 25-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif olunub. Təhsil aldığı Mahrızlı kənd tam orta məktəbi onun adını daşıyır. Məktəbin həyətində Rahib Məmmədov adına Döyüş şöhrəti muzeyi yaradılıb. Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var. Gürcüstanın Çaladidi kəndində cəsur əsgərin abidəsi qoyulub.

Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Muzey tərəfindən məktəblilərə fəxri fərmanlar təqdim edilib. Sonda Rahib Məmmədova həsr edilmiş “Əbədiyyətə qovuşan ömür” adlı sənədli film nümayiş olunub. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR