19.10.2024, 23:32
AZ EN
26.07.2024, 11:15 252

Komandirini xilas edən əsgər…

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsinin qəhrəmanlarından olan 19 yaşlı əsgər, şəhid Əliağa Eldəniz oğlu Məmmədovun doğum günüdür. O, 2001-ci il iyulun 26-da Sabunçu rayonunda anadan olub. 2008-2013-cü illərdə Sabunçu rayonunun 80 nömrəli tam orta məкtəbində, 2013-2017-ci illərdə isə Sabunçu rayonunun 322 nömrəli tam orta məкtəbində təhsil alıb. 2017-2018-ci illərdə 5 nömrəli Peşə Liseyində "İşıq operatoru" ixtisası üzrə təhsil alıb. 6 il cüdo idman növü ilə məşğul olub, uğurlar qazanıb. Əliağa Məmmədov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb.

Azərbaycan Ordusunun əsgəri olan Əliağa Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qatılıb. O, Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Əliağa Məmmədov oktyabrın 6-da Ağdərə döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Şəhidimiz doğma Sabunçu rayonunun Maştağa qəsəbəsində böyük izdihamla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əliağa Məmmədov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. 

“Mən fəxr edirəm ki, şəhid Əliağa Məmmədov kimi igid, fədakar döyüşçünün atasıyam. Oğlum Əliağa döyüşdə əsgərin öz komandirini xilas etməsi nümunəsini bizə real həyatda göstərdi. Bu barədə mənə oğlumun xilas etdiyi komandiri bildirdi. Biz adətən belə fədakarlıq nümunələrini filmlərdə görür, hekayələrdə oxuyuruq. Ancaq oğlum bu qəhrəmanlıq nümunəsini Vətən müharibəsində öz canını qurban verərək komandirini xilas etməklə nümayiş etdirdi”.

Bunları 19 yaşlı şəhidimiz Əliağanın atası Eldəniz Məmmədov söyləyib. O, bildirib ki, şəhidlərimizin hər biri eyni amal - Vətən uğrunda son damla qanlarına qədər vuruşan qəhrəmanlarımızdır. Onların xatirəsi daim qəlbimizdə yaşayacaq. Oğlum Əliağa uşaqlıqda çox sakit olub. Bir gün mənə yaxınlaşıb idmanla məşğul olmaq istədiyini dedi. Əvvəlcə marağı güləşə olsa da, sonradan cüdo ilə məşğul olmağa başladı. Orta məktəbi başa vurduqdan sonra təhsilini Buzovnada yerləşən 5 nömrəli Peşə Liseyində davam etdirdi. Burada təhsilə başlayandan sonra idmanla yollarını ayırdı. O liseydə işıq operatoru ixtisası üzrə təhsil alırdı. Qısa zamanda onun bu sənətə böyük marağı yaranmışdı. Təhsil aldığı müddətdə Əliağanı Azərbaycan Dövlət Musiqili Teatrına təcrübəyə göndərdilər. O, teatrda özünü bacarıqlı işçi kimi göstərdi. Teatrın rəhbəri Əliqismət Lalayev ondan çox razı olduğu üçün təhsilini başa vurduqdan sonra Əliağanı teatrda işləməyə dəvət etmişdi. Liseyi bitirdikdən sonra mənim məsləhətimlə iş üçün teatra müraciət etdi. Bir gün işə qəbul olduğunu sevincək bizimlə bölüşdü. İşinə çox həvəslə yanaşırdı”.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhəman Əliağa balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər