Xəzərin başında qəlpə vardı, tərpənə bilmirdi, müharibə başa çatanda ata-anası xəstəxanaya onu yoxlamağa gəlirlər. Sən demə, bu gecə Xəzər artıq dünyasını dəyişərək əbədiyyətə qovuşmuşdu…
Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Xəzər Mail oğlu Rəsulov 1987-ci il oktyabrın 7-də Yevlax rayonunun Xanabad kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Xəzər Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb.
Xəzər Rəsulov oktyabrın 2-də elə həmin istiqamətdə ağır yaralanaraq komaya düşüb. 15 gün bu vəziyyətdə qaldıqdan sonra ayılıb. Ancaq həkimlərin səyinə baxmayaraq Xəzər Rəsulov noyabrın 13-də şəhadətə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Xəzər Rəsulov ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD