11.09.2025, 17:53
AZ EN
03.04.2025, 10:27 402

Başlıbel qətliamı - Üç yüz illik Qarabağ probleminin qanlı səhifələri

XƏBƏRLƏR
  • Ermənilərin Cənubi Qafqaza köçürülməsindən sonra onların iki əsr boyu azərbaycanlılara qarşı apardıqları soyqırım aktları dərinliklərinə qədər araşdırılmalı, öyrənilməli və tarixi həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Bunun üçün təkcə tarixi sənədlərlə kifayətlənməməli, eyni zamanda Birinci Qarabağ müharibəsi dövründə xalqımışın başına gətirilmiş müsibətlər, ermənilərin müharibə cinayətlərini özündə əks etdirən faktlar, şahid ifadələri toplanaraq xarici dillərdə tərcümə olunmalı, sənədli və bədii filmlər çəkilməlidir.

"Vətən səsi" xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Başlıbel qətliamı - Üç yüz illik Qarabağ probleminin qanlı səhifələri” adlı kitabının təqdimat mərasimində bildirilib. Kəlbəcərin tanınmış ziyalılarından olan Arif Süleymanovun müəllifi olduğu kitabın təqdimat mərasimində millət vəkilləri, alimlər, ictimai-siyasi xadimlər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı ermənilərin Başlıbel kəndində törətdiyi kütlər qətliamdan bəhs edən kitabda Qarabağ müharibəsi və nəticələri haqqında məlumat verilir.  Təqdimat mərasimində giriş sözü ilə çıxış edən Arif Süleymanov ermənilərin tarix boyunca Azərbaycan torpaqlarına olan əsassız iddialarından, dinc sakinlərə qarşı törətdikləri faciələrdən danışıb. O, bildirib ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 76 nəfər Başlıbel sakini kənd ərazisindəki kahalara sığınıblar. Lakin dağlara sığınan qoca, qadın, uşaqlar cəmi 17 gün gizlində qala biliblər və aprelin 18-də erməni hərbçiləri onların gizləndiyi yeri aşkarlayıblar. Başlıbelin işğalı zamanı ermənilər tərəfindən 27 nəfər güllələnib.

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov kitabın yüksək elmi və tarixi dəyərə malik olduğunu vurğulayaraq müəllifin zəhmətini yüksək qiymətləndirib. O, belə nəşrlərin cəmiyyət üçün önəmini qeyd edərək onların geniş şəkildə təbliğinin vacibliyini bildirib.

Misir Mərdanov daha əvvəl ingilis dilində nəşr olunan kitabın xülasəsinin dünya ictimaiyyətinə təqdim edilməsini mühüm addım kimi qiymətləndirib və əsərin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü ifadə edib.

Sabiq nazir xaricdə səfərdə olduğu üçün tədbirdə iştirak edə bilməyən millət vəkili Cavanşir Feyziyevin fikirlərini də tədbir iştirakçılarının diqqətinə çatdırıb: "Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi ən ağır müharibə cinayətlərindən olan Başlıbel qətliamı haqqında məlumatlar dövlət başçısı İlham Əliyevin 24 sentyabr 2021-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 76-cı sessiyasında çıxışından sonra ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatına daxil edilib. Başlıbeldən danışarkən ilk növbədə mərhum professor Əli Mirzəyevin, Musa Əzizovun, Zülfüqar Hüseynzadənin işıqlı xatirəsini ehtiramla yad edirik. Fədakar ziyalılarımız Elxan Salahovun, Sönməz Ələkbərin, Xalid Kazımovun, Etibar Seyidağanın, Vüsalə Məmmədovanın əməyini yüksək qiymətləndiririk. Arif Süleymanovun ərsəyə gətirdiyi bu tədqiqat əsəri indiyədək çap olunmuş kitablara və məqalələrə, bütövlükdə hadisələrin tarixinə yeni yanaşmadır".

Əməkdar elm xadimi, professor, “Şöhrət” ordenli, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şahlar Əsgərov bu cür faciələrinin araşdırılması və yaddaşlara həkk olunmasının vacibliyini qeyd edərək sözügedən kitabı hər bir tədqiqatçının müraciət edəcəyi bir mənbə olacağını vurğulayıb.

Tədbirdə, millət vəkili Pərvin xanım Kərimzadə, “Azərnəşr” nəşriyyatının baş redaktoru Əlövsət Ağalarov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Məhəmməd Cəbrayılov, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı, şair Adil Cəmil, Nüşabə Məmmədli, Yasəmən Möhübbətqızı, Lətifə Məmmədova, Nəzakət Məmmədova, Qadir Hüseynov, Mədəniyyət qəzetinin baş redaktorunun müavini Fariz Yunisli çıxış edərək Başlıbel qətliamının araşdırılması, tədqiqi dövlətimiz tərəfindən diqqətdə saxlanıldığını deyiblər.

Tədbirdə Başlıbel qətliamı haqqında hazırlanmış videoçarx nümayiş etdirilib.

Elxan SALAHOV

Oxşar xəbərlər