Anası deyir ki, övlad itkisi çox ağırdı, amma bir tərəfdən də fəxr edirəm. Kaş hamının Elvin kimi balası olaydı. Mən sevinirəm ki, onun belə həyat yoldaşı var. Elvinin həyat yoldaşı onun adına bulaq çəkdirib. Deyir, yeganə təsəllim qızım, bir də Elvinin cənnətdə olmasıdı...
Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi Elvin Mahmud oğlu Məmmədovun doğum günüdür. O, 1992-ci il oktyabrın 3-də Zaqatala şəhərində anadan olub. Ailədəki üç qardaşın ən kiçiyi idi. 1999-cu ildə Zaqatala rayon Şıxəli Qurbanov adına 3 saylı orta məktəbin 1-ci sinfinə daxil olub, 2010-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2010–2014-cü illərdə Gürcüstanın Şərqi Avropa İnstitunun Maliyyə-kredit fakültəsində ali təhsil alıb. Ali təhsilini başa çatdırdıqdan sonra 2014-cü ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti zamanı fəal snayperçi olub. Bunun üçün o əlavə təhsil də almışdı. Hərbi xidməti zamanı Elvin xüsusi təyinatlılar kursunu müvəffəqiyyətlə başa çatdırıb. Göstərdiyi yaxşı nəticələrə görə fəxri- fərmanlar və təşəkkürnamələrlə təltif edilib. 2015-ci ildə hərbi xidmətini başa vurub.
O, Vays Parim şirkətində satış və reklam üzrə mütəxəssis işləyirdi. Səmimiyyəti və mehribanlığı ilə insanların rəğbətini qazanmış Elvin 2019-cu ildə ailə həyatı qurmuşdu, bir qız övladı var.
Elvin Məmmədov 2020-ci il sentyabrın 21-də könüllü olaraq yenidən hərbi xidmətə yollanıb və sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsinə qatılaraq düşmənə qarşı mərdliklə vuruşub.
Oktyabrın 15-də qızğın döyüşlər zamanı Ağdərə istiqamətində yaralı əsgər yoldaşlarını döyüş bölgəsindən çıxarmağa çalışan Elvin Məmmədov özü də qəhrəmancasına şəhadətə ucalır.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra Elvin Məmmədov “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD