Kənan həmişə əsgərlərini ürəkləndirirdi, təhlükə anında özünü irəli atırdı. Noyabrın 9-u Xocavənd istiqamətində Üçtəpə adlandırılan yüksəklik uğrunda əsgərləri ilə öndə gedərək sona qədər döyüşüb və heyəti ilə birlikdə şəhid olub.
Kənan Süleymanlı döyüşlərdə əsgərlərini həmişə himayə edib, gecələr soyuq havalarda üst geyimini çıxarıb onlara verirmiş. Uzun yollar qət edildiyinə görə əsgərləri üçün həmişə əlavə su, yemək, silah-sursat və paltar daşıyırdı. Döyüşlərdə yaralanan əsgərlərin yarasını özü sarıyır və atəş altından tez çıxarmağa çalışardı...
Bu gün şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Kənan Sadıq oğlu Süleymanlının doğum günüdür. O, 30 yanvar 1991-ci ildə Bakı şəhərində anadan olub. Əslən Qərbi Azərbaycanın Zəngibasar rayonunun Rəncbər kəndindəndir. Orta təhsilini Bakı şəhər 94 saylı tam orta məktəbdə bitirib. Azərbaycan Kooperasiya Universitetində ali təhsil alıb.
Kənan Süleymanlı Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində zabitlik kursunu başa vurduqdan sonra "leytenant" rütbəsi ilə Vətənə xidmət edib. Xidmətini başa vurduqdan sonra ehtiyatda olan zabit kimi ordudan tərxis olunub, mülki fəaliyyətini davam etdirib.
Azərbaycan Ordusunun leytenantı olan Kənan Süleymanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü ehtiyatda olan zabit kimi iştirak edib. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə igidlik göstərib.
Kənan Süleymanlı 9 noyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində Üçtəpə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimizin mübarək nəşi 21 noyabrda tapılaraq II Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Kənan Süleymanlı ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD