Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi, kapitan Vüqar Aydın oğlu Nəcəfovun anım günüdür. O, 1988-ci il avqustun 10-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olub. İki bacının tək qardaşı idi. Uşaqlıqdan hərbçi olmağa can atırdı. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərinin iştirakçısı olub.
Azərbaycan Ordusunun kapitanı Vüqar Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə düşmənə qarşı mərdliklə savaşıb.
Müharibədə şücaətlər göstərən Vüqar Nəcəfov oktyabrın 2-də Cəbrayıl döyüşləri zamanı Nüzgar istiqamətində qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vüqar Nəcəfov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Şəhid Vüqar Nəcəfovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilib.
Ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD