20.10.2024, 12:05
AZ EN
01.10.2024, 10:07 340

Şəhid, gizir Elvin Abdurahmanovun doğum günüdü

XƏBƏRLƏR
  • Müharibə başlayan gün sübh tezdən Elvin cəbhədən atasına zəng elədi, dedi ki, müharibə başladı, xeyir-dua ver. Hər şey yaxşı olacaq, torpaqlarımızı tezliklə azad edəcəyik. Atası bildirir ki, Elvin dərslərindən çox hərb sahəsinə meyl edirdi. O, məktəbi bitirib, Sərhəd Qoşunları Akademiyasına qəbul olmaq istəsə də alınmadı. Hərbi xidmətini başa vurduqdan sonra Elvin yenidən MAXE kimi Vətənə xidmətə getdi. Gizirlik kursunda oxudu, Qusarda bir neçə ay qulluq etdi. Sonra XTQ-ə keçdi. İki il idi ki, burada xidmət edirdi. İldə bir-iki dəfə məzuniyyət veriləndə evə gəlirdi.

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi, xüsusi təyinatlı, gizir Elvin Əbülfəz oğlu Abdurahmanovun doğum günüdür. O, 1996-cı il oktyabrın 1-də Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. 2003-2014-cü illərdə Əmirvan kənd tam orta məktəbində təhsil alıb.
Elvin Abdurahmanov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Kəngərli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun giziri olan Elvin Abdurahmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Abdurahmanov oktyabrın 2-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elvin Abdurahmanov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", “Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Şəhidimiz dogma Qəbələ rayonunda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Atası övladı ilə bağlı xatirələrində deyir ki, oktyabrın 1-də axşama qədər Elvinə zəng elədim, balamın doğum günü idi, təbrik etmək istədim. Amma danışa bilmədim. Oktyabrın 2-də isə onun şəhid xəbəri gəldi…

Elvin şəhid olduqdan sonra qardaşı onun cibindən vəsiyyətini tapıb. O yazırdı ki, əgər şəhid olsam qırmızı yaddaş kartımdan silinən şəkilləri geri qaytarın. Ata-anama yaxşı baxın. Vətənimizə, bayrağımıza, millətimizə bağlı namuslu oğullardan olun! Hər kəsin bir arzusu olur. Mənim də arzum Vətən uğrunda bir gün şəhid olmaqdı. Allaha əmanət olun. Nişanlım olan qızı da, öz bacınız kimi qəbul edin və unutmayın…

Cənnətdəki doğum günün mübarək, qəhrəman Elvin balamız!

Mina RƏŞİD   

Oxşar xəbərlər