Ata-anasının, doğmalarının onun haqqında söylədiklərini dinlədikcə Elçinin yaşını unudursan. Müharibədə, odun-alovun içində olan əsgər sanki özünün də bir gün şəhid olacağını hiss etmişdi. Ölümündən bir neçə gün əvvəl atasıyla telefonla danışanda deyir: - “Ata, söz ver ki, mən şəhid olsam, mərd olacaqsan!” Atası ciyərparasının dilindən bu sözləri eşidəndə o qədər təsirlənir ki, göz yaşlarını saxlaya bilməyib hönkür-hönkür ağlayır... Anası da deyir, balam qəhrəmandı, onun böyük arzuları vardı. Amma ən böyük arzusu torpaqlarımızı düşməndən geri almaq, Qarabağı azad görmək idi. Ona görə doğmalarına demişdi ki, məni gözləməyin. Çünki Vətən məni gözləyir, o torpaqlar bizi çağırır. Mən o torpaqları azad edəndən sonra evimizə qayıdacam...
Ordumuzun mərd əsgəri, şəhid Quliyev Elçin Etibar oğlu 2001-ci il avqustun 24-də İmişli rayonunun Məzrəli kəndində dünyaya gəlib. 2007-2018-ci illərdə İmişli rayon Məzrəli kənd tam orta məktəbdə təhsil alıb. 2019-cu ildə hərbi xidmətə yollanıb.
Elçin Quliyev 2020-ci il sentyabrın 27-də başlanan 2-ci Qarabağ savaşında könüllü olaraq döyüşlərə qatılmışdı. O, sərrast atıcı idi. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşdı. Əsgər E.Quliyev 10 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlər zamanı ona verilən tapşırığı yerinə yetirərkən qəhrəmanlıqla şəhid oldu.
Doğulduğu İmişli rayonunun Məzrəli kəndində böyük el məhəbbəti ilə dəfn edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
19 yaşında tarix yazan əsgər, doğum günün mübarək! Şəhidlərin qanıyla əbədi Zəfər qazanmış bu xalq Səni də heç vaxt unutmayacaq!
Mina RƏŞİD