24.12.2024, 17:54
AZ EN
19.09.2024, 09:51 170

Ruhun şad olsun, qəhrəman şəhidim...

XƏBƏRLƏR
  • 2023-cü il sentyabr ayının 19-20-də 23 saat davam edən uğurlu lokal antiter­ror əməliyyatının həyata keçirilməsində müzəffər ordumuz möhtəşəm uğura imza atdı. Amma bu, qurbansız ötüşmədi. Dövlət suverenliyimizin tam bərpası uğ­runda döyüşlərdə şəhidlər də verdik. On­lardan biri “Komando” kəşfiyyat bölüyü­nün cəsur əsgəri Məhəmməd Xəlilli oldu. 

Məhəmməd 2004-cü ilin sentyabr ayının 17-də İsmayıllı rayonunun Basqal qəsəbəsində dünyaya göz açıb. Onun 6 yaşı olanda ailəsi Binəqədi rayonunun Biləcəri qəsəbəsinə köçüb. Yeniyetmə çağlarından cüdo ilə məşğul olub. İdman onun güclü, dözümlü, iradəli olmasında böyük rol oy­nayıb. 2022-ci ilin oktyabr ayında Binəqə­di rayon hərbi komissarlığından əsgəri xid­mətə çağrılıb və “komando” təlimlərinə qatılıb. Zirəkliyi sayəsində kəşfiyyat bölü­yünə qəbul edilib. 

Ailə üzvləri deyir ki, Məhəmmədin “komando”bölüyündə xidmət etməsindən xəbərləri olmayıb, bunu yalnız o, şəhid olduqdan sonra biliblər. Özü sirr saxlayır­mış ki, narahat olmasınlar. Yalnız 2023-cü ilin avqust ayında 10 günlük məzuniyyətə gələndə deyibmiş ki, Qarabağ dünyanın cənnət məkanıdır, Hadrut çox gözəldir. Razı olmarıq ki, buralarda nankor düşmən­lər gəzib kef eləsinlər. 

Antiterror tədbirləri olduqca yüksək peşəkar səviyyədə təşkil edilib, əməliyyat­lar mülki əhaliyə heç bir xətər dəymədən uğurla başa çatdırılıb. Düşmənin dərinli­yinə sızan qüvvələrimiz Xocavəndi, Ağ­dərəni, Xocalını və Xankəndini düşmən­dən azad ediblər. Xocavənd rayonunun Qarakənd kəndi istiqamətində hücuma keçən bölmələrimizin tərkibində Məhəm­məd Xəlilli də böyük fədakarlıq göstərərək düşmənin bir çox canlı qüvvəsini məhv edib. O, sentyabrın 19-u saat 17–18 radələ­rində isə namərd düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub. 

Atası İlqar müəllim dəfələrlə oğlunun şəhid olmasını yuxularında  görübmüş. Hər dəfə yuxudan hövlnak oyanıb deyirmiş ki, İlahi, sən özün xeyirə cala! Bu, nə yuxulardır, görürəm? Məhəm­məd əsgərliyə getməmişdən əvvəl ağır bel əməliyyatı keçirsə də, mütləq əsgər gedəcəyəm, – deyirdi. Vətən qarşısında müqəddəs şəhidlik andı içibmiş. 

Bacısı Zeynəb xanımın sentyabrın 19-u ad günü olacaqdı. Amma ailə həmin günü göz yaşları içində keçirib. Zeynəb deyib ki, daha heç vaxt ad günü keçirməyəcəm, o gün artıq Məhəmmədin şəhadət günüdür. 

Onu da deyək ki, Xəlilovlar ailəsi Məhəmmədin toyuna hazırlaşırdı. Onun istək­lisi varmış. İgidi 23 yaşında evləndirə­cəkmişlər. Amma o, 23 saat düşmənlə sa­vaşda qəhrəmancasına şəhid oldu. 

İndi hər gün atası, anası və bacısı Məhəmmədin şəkilləri ilə pıçıldaşır və istər-istəməz kövrəlirlər. Ancaq təsəlliləri budur ki, o, Azərbaycanın tam suverenli­yinin bərpası uğrunda mübarəzədə canını qurban verib. Rəşadətli Silahlı Qüvvələri­mizin hərbi qulluqçusu Məhəmməd Xəlilli 2023-cü il sentyabrın 20-də 2-ci Fəxri Xi­yabanda torpağa tapşırılıb. 

Azərbaycan Respublikasının ərazi bü­tövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Res­publikası Silahlı Qüvvələrinin hərbi qulluq­çusu Məhəmməd Xəlilli Prezident İlham Əliyevin sərəncamlarına əsasən, 3-cü dərəcə­li “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib. 

Ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman Məhəmməd balamız!

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər