“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda ətraf mühitlə bağlı problemlərin həlli məsələsi prioritet vəzifələrdən biri kimi müəyyən edilib. İşğal dövründə təbiətə vurulan ziyanın təsirlərinin minimuma endirirlməsi və ekoloji tarazlığın bərpa edilməsi üçün Dövlət Proqramında qeyd olunan istiqamətlərə uyğun şəkildə işlər görülür. Artıq orta və uzunmüddətli perspektivdə yaşıllıqların bərpa edilməsi üçün meşə əkini işləri aparılır. Hazırda Cəbrayıl, Zəngilan, Füzuli və Ağdam rayonlarında geniş ərazilərdə yaşıllıqların salınması davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Vətən səsi”nə verilən məlumata görə, zəngin təbiətə və bitki örtüyünə malik Qarabağ və Şərqi Zəngəzur bölgəsində işğal dövründə meşə təsərrüfatına vurulmuş ziyanla da bağlı qiymətləndirmələr aparılır. İlkin hesablamalara görə işğaldan əvvəl həmin bölgədə mövcud olmuş 260 min hektar meşə örtüyünün 54 min hektarı mhv edilib. Xüsusilə Şərqi Zəngəzur iqtisadi zonasına aid Qubadlı və Zəngilan rayonları ərazisindəki meşələrdə mövcud olan çoxillik ağacların yarısından çoxu qırılıb. Bu ərazilərdə daha çox rast gəlinən çinar, palıd, fıstıq, vələs, ağcaqayın, tozağacı və sair kimi qiymətli meşə cinslərinə aid ağac növləri (28,5 milyon ədəd) oduncaq tədarükü üçün kəsilib, eləcə də mebel, çəllək və tüfəng qundağı istehsalı üçün Ermənistana aparılıb. Yeni aşkar edilmiş mədənlərin istismarı ilə əlaqədar minlərlə hektarlıq ərazidə meşələr qırılıb. Onların arasında püstə, dərman stiraksı, Araz palıdı, yalanqoz, Şərq çinarı, adi nar, meşə üzümü, pırkal, şümşad, Eldar şamı, adi xurma, söyüdyarpaq armud və digər ağac növləri məhv olmaq üzrədir.
Bundan başqa işğal müddətində 100 min hektardan artıq ərazidə məqsədli şəkildə yanğınlar törədilib, bu yanğınlar nəticəsində torpağın məhsuldar üst münbit qatı məhv olub, fauna və flora növləri ciddi təsirlərə məruz qalıb.
Nazirlikdə bildirirlər ki, 30 ilə yaxın davam edən işğal dövründə meşə yanğınları, qiymətli ağac növlərinin kütləvi şəkildə qırılması, çayların, göllərin və sututarların kimyəvi tullantılarla çirkləndirilməsi yolu ilə törədilmiş ekoloji terrorun nəticələrinin aradan qaldırılması üçün bir neçə istiqamətdə işlər görülür. Xüsusilə Cəbrayıl, Zəngilan, Füzuli rayonlarında məhv edilmiş meşələrin yerində yerli iqlim şəraitinə uyğun ağac və kollar əkilir. Bundan başqa, qardaş Türkiyə Respublikası ilə birlikdə Cəbrayıl rayonu ərazisində Ağıllı Tingçilik, “Beynəlxalq Meşə Təlim Mərkəzi” və “Dostluq Meşəsi” Kompleksinin yaradılması işlərinə başlanıb. Buradakı tinglik sahələrində il ərzində 2 milyon ədə fidan yetişdiriləcək.
Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur bölgəsində yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin, buradakı bioloji müxtəlifliyin və təbiət abidələrinin bərpası istiqamətində tədbirlər görülür. Belə ki, tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitorinq şəbəkəsi yenidən qurulur.
İşğaldan azad olunmuş ərazilərdə meşələrin bərpası tədbirlərlərində aidiyyəti dövlət qurumları ilə yanaşı ictimai təşkilatlar da fəal iştirak edir. Məsələn, Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, eləcə də bir sıra tanınmış şirkətlərin dəstəyi ilə həyata keçirilən “Zəfərdən Dirçəlişə” layihəsi çərçivəsində Zəngilan şəhərinin girişində 30 hektar ərazidə 30 min ağac əkilib. Əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, həmişəyaşıl sərv, göyrüş, qlediçiya və şərq çinarından ibarət yaşıllıq zonalarının əhatə dairəsinin bir az da genişləndirlməsi nəzərdə tutulur.
Elxan SALAHOV