23.11.2024, 03:53
AZ EN
08.09.2024, 16:53 241

“Qubadlının dahi təbibləri rubrikası” davam edir

XƏBƏRLƏR
  • Hüseynov Mirbəşir Mirələm oğlu 1953-cü il iyunun 26-sı Qubadlı rayonunun Muğanlı kəndində anadan olmuşdur.  1969-cu ildə Qubadlı rayonun Xanlıq kənd orta məktəbində təhsilini əla qiymətlərlə başa vuraraq, 1970-ci ildə Azərbaycan Tibb İnstitutunun Müalicə işi fakültəsinə qəbul olunmuşdur. Mirbəşir həkim ilk əmək fəaliyyətinə 1978-ci ildə Qubadlı rayon Mərkəzi Xəstəxanasında həkim cərrah kimi başlamış, qısa müddətdən sonra həmin xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. O, çalışdığı müddətdə öz vəzifə borcunu layiqincə yerinə yetirərək, savadı, bacarığı ilə Qubadlı rayonu və ətraf bölgələrdə böyük hörmət qazanmışdır.

1992-1994-cü illərdə Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq hərbi hospitalda baş cərrah kimi fəaliyyət göstərmiş, Qarabağ uğrunda gedən döyüşlər zamanı çoxlu sayda uğurlu əməliyyat etmiş, yüzlərlə Azərbaycan Ordusunun əsgərini və döyüş bölgəsində yaşayan mülki əhalinin nümayəndələrini ölümün pəncəsindən xilas etmişdir. Döyüşlər zamanı Mirbəşir həkim özü də yaralanmış və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Qarabağ Veteranı statusu almışdır. İşlədiyi müddət ərzində və Qarabag döyüşlərində xidmət etdiyi dövrdə öz üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirməsinə və tibb sahəsində göstərdiyi xidmətlərə görə ona Azərbaycan Respublikasının “Ali dərəcəli həkim”i, “Əməkdar həkim” fəxri adları və çox saylı fəxri fərmanlar verilmişdir.

1994-cü ildən 2016-ci ilədək əmək fəaliyyətini Bakı şəhəri “AzərsuTikinti” xəstəxanasında davam etdirmiş, daha sonra 2016-ci ildən 2020-ci ilədək “Şəfqət” klinikasında işləmişdir.

Mirbəşir Hüseynov ağır xəstəlikdən əziyyət çəkən xəstələrə öz şəfalı əlləri ilə yardım göstərir, hər bir xəstəsinə fərdi yanaşır, iş vaxtının bitməsinə baxmayaraq xəstələri diqqətdən kənarda saxlamayıb, onlara baş çəkirdi. Biliyi, savadı, təyin etdiyi müalicələrin effektivliyi və hər bir xəstəsinə səbrlə, qayğıyla yanaşmasına görə hər kəsin hörmət və sevgisini qazanmışdır. Mirbəşir həkim eyni zamanda ailədə də qohumcanlı, mehriban, övladlarına qarşı tələbkar idi.

Mirbəşir Hüseynov 2020-ci il oktyabrın 28-də dünyasını dəyişmişdir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər