22.11.2024, 10:35
AZ EN
13.02.2024, 12:28 322

“New York Times” qəzetində şəhid Eldar Əliyevdən bəhs edilmişdi

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsi qəhrəmanı şəhid Eldar Süleyman oğlu Əliyevin doğum günüdür. O, 1994-cü il fevralın 13-də Bakıda anadan olub. 2000-ci ildə Bakı şəhəri 70 nömrəli məktəb-liseyə daxil olaraq 2011-ci ildə orta təhsilini başa vurub. Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakültəsinə daxil olub. Savadına, intellektinə görə yoldaşlarından fərqlənən Eldar 2012-ci ildə təhsil aldığı universitetdə fakültələrarası “Nə? Harada? Nə zaman?” yarışında birinci yerə layiq görülüb. Ardınca “Breyn rinq” intellektual oyununda da eyni nəticəni təkrarlayıb. “Gənclər fondu”nun təşkil etdiyi “Tələbələrarası I iqtisadi biliklər olimpiadası”nın final mərhələsində də uğurlu mübarizə aparıb.

Eldarın şahmat, riyaziyyat və müharibə-strategiya oyunlarına böyük marağı var idi. Napoleon haqqında araşdırmağı, oxumağı çox sevdiyi üçün dostları arasında “Napo” ləqəbi ilə çağrılırdı.

2016-cı il hərbi xidmətdən qayıdan Eldar Əliyev, Azərbaycanın böyük şirkətlərinin birində, Azərbaycan Supermarket MMC-də işə başlayıb. Çalışqanlığı və savadı ilə birlikdə şərablar haqqında olan bilgisi onu daha böyük şirkətlərdə yüksək vəzifələrə aparıb və Azərbaycanın ən böyük oteli olan Bulvar Hoteldə çalışmağa başlayıb. Eldar həmçinin özünü inkişaf etdirmək üçün xarici universitetlərin təşkil etdiyi kurslarda iştirak edib, beynəlxalq sertifikatlar əldə edirdi. İngilis, rus və türk dillərini mükəmməl bilirdi.
2015-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra hərbi xidmətə çağırılan Eldar, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu motoatıcı hərbi hissəsində pulemyot atıcı olaraq xidmət edib.  
2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başlaması ilə Eldar da cəbhəyə könüllü olaraq yollanıb. Füzuli, Hadrut və Cəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz oktyabrın 18-də Bakı şəhərində, Əhmədli qəsəbəsi qəbristanlığında böyük izdihamla torpağa tapşırılıb.

Qeyd edək ki, Eldarın dayısı Əbilov Əfsər də Birinci Qarabağ Müharibəsində şəhid olmuş və Şəhidlər Xiyabanında dəfn olunmuşdur.  

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Eldar Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Məşhur “Nyu-York Tayms” qəzeti İkinci Qarabağ Müharibəsi haqqında olan məqalələrindən birində Eldar Əliyevin şəhid olmasından bəhs etmişdi.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR