Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları şəhidimizin məzarı üzərinə gül dəstələri qoyublar və Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub.
Tədbirdə çıxış edənlər şəhid Bəxtiyar Muradovun döyüş yolundan söz açaraq vətənpərvərliyindən bəhs ediblər.
Sonra isə tədbir " Okean" şadlıq sarayında şəhidimizin adına təşkil olunmuş ehsan süfrəsi ilə davam etdirilib.
Muradov Bəxtiyar Güloğlan oğlu 24 avqust 2003-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur.
Bəxtiyar Muradov 2007-2018-ci illərdə Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbdə orta təhsil almışdır. Subay idi.
Bəxtiyar, 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsi tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.
2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə sıravi əsgər kimi iştirak edən Bəxtiyar Muradov 13 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Nəşi yaşadığı evə gətirilərək Sumqayıt "Şəhidlər Xiyabanı"nda dəfn edilmişdir.
Bəxtiyar Muradov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Allah rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ