16.12.2025, 20:05
AZ EN
16.12.2025, 17:30 156

Sevgi ilə yüksəl, özgüvənlə parla

XƏBƏRLƏR
  • Bakı Modern Təhsil Kompleksində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin IX qrant müsabiqəsinin qalibi olan “Sevgi ilə yüksəl, özgüvənlə parla” layihəsinin açılış mərasimi keçirilib.

"Vətən səsi" xəbər verir ki, tədbirdə məktəbin rəhbərliyi, psixoloqlar, müəllimlər və layihənin tərəfdaşları iştirak ediblər. Layihənin rəhbəri Günay Nadirova həyata keçirələcək layihənin ideyası, məqsədləri və cəmiyyət üçün əhəmiyyəti haqqında ətraflı məlumat verib. O bildirib ki, əsas məqsəd məktəbəqədər yaş dövründən etibarən uşaqlarda emosional zəkanın formalaşdırılması, öz hisslərini tanımaq və sağlam şəkildə ifadə etmək bacarığının inkişaf etdirilməsidir.

Günay Nadirova vurğulayıb ki, uşaqların yalnız akademik göstəricilərlə deyil, emosional rifah baxımından da dəstəklənməsi onların gələcək psixi sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır.

Daha sonra Bakı Modern Təhsil Kompleksinin Psixologiya Şöbəsinin rəhbəri Nigar Cəbrayılova çıxış edərək layihənin məktəb mühiti üçün önəmini diqqətə çatdırıb. O qeyd edib ki, emosional zəka və nağıl terapiyası dərsləri uşaqlarda empatiya hissinin güclənməsinə, bullinq hallarının azalmasına və məktəbdə daha təhlükəsiz, anlayışlı mühitin formalaşmasına töhfə verəcək.

Tədbirdə klinik psixoloq və terapevtik nağıllar müəllifi Gülşən Əfəndi layihə çərçivəsində məktəbin psixoloqları üçün keçiriləcək ustad dərsləri (master-klasslar) haqqında məlumat verib. O bildirib ki, bu master-klasslar psixoloqların peşəkar bacarıqlarının artırılmasına, uşaqlarla işləyərkən emosional zəka və nağıl terapiyası metodlarından daha effektiv istifadə etmələrinə imkan yaradacaq.

“Sevgi ilə yüksəl, özgüvənlə parla” layihəsi Bakı Modern Təhsil Kompleksi və Huzoor mobil tətbiqinin əməkdaşlığı ilə həyata keçiriləcək və ümumilikdə 6 ay müddətini əhatə edəcək. Layihə çərçivəsində məktəbə hazırlıq qruplarında uşaqlara həftədə bir dəfə emosional zəka dərsləri tədris olunacaq, dərslər Azərbaycan, rus və ingilis bölmələrində təşkil ediləcək.

Eyni zamanda valideynlərlə aylıq onlayn görüşlərin keçirilməsi, Huzoor mobil tətbiqində uşaq hekayələrinin sayının artırılaraq geniş auditoriyaya təqdim olunması nəzərdə tutulur. Təhsil və psixoloji inkişaf sahəsində mühüm addım kimi qiymətləndirilən bu layihə uşaqların daha xoşbəxt, özgüvənli və sevgi dolu bir mühitdə böyüməsinə xidmət edəcək.

Oxşar xəbərlər