22.11.2024, 01:06
AZ EN
22.08.2024, 10:37 339

Qarabağ bizimdi, bizim olacaq…

XƏBƏRLƏR
  • Daşqın videolar çəkib paylaşmağı çox sevərdi. O bir videosunda deyir: “Bu gün mənim ad günümdü. Özüm özümü təbrik edirəm. Nə yaxşı varam! Amma ad günümü keçirmirəm, torpaqları işğalda və bir milyon qaçqını olan azərbaycanlı məncə, ad gününü keçirməz. İnşallah, torpaqlarımızı düşməndən azad edib, ad günümüzü də Qarabağda qeyd edərik. Fəxr edirəm ki, azərbaycanlıyam. Azərbaycanın, yurdumun hər qarışına, suyuna, torpağına qurban olum…”

Daşqın doğma Vətəni üçün təkcə gözəl sözlər demədi. O, dediklərini əməlləri və Vətənə olan sədaqəti ilə sübuta yetirdi. Şanlı Vətən Müharibəsi başlayandan döyüşlərdə iştirak etmək üçün dəfələrlə müraciət elədi və nəhayət könüllü müharibəyə yollandı. Sağlığında dediyi kimi şəhid olmaq hər kəsə nəsib olmur…

Bu gün Vətən müharibəsi qəhrəmanı, şəhid Daşqın Hidayət oğlu Şəfiyevin ad günüdür. O, 1989-cu il avqustun 22-də Rusiyanın Krasnodar şəhərində anadan olub. Əslən kəlbəcərlidi. 1995-2006-cı illərdə Samux rayonunda Seyidlər kənd tam orta məktəbində təhsil alıb.

Azərbaycan Ordusunun əsgəri olan Daşqın Şəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Daşqın Şəfiyev noyabrın 5-də Laçın döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla Samux rayonunun Seyidlər kəndində torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Daşqın Şəfiyev ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Şəhidimizin qardaşı Orxan şəhidimiz haqqında bunları deyir: "Hər gün ordu sıralarına qoşulmaq üçün hərbi komissarlığa gedirdi. Nəhayət arzusuna çatdı, onu qəbul etdilər. Daşqını yola salanda gözüm dolmuşdu. Mənə "Niyə gözün dolur? Şəhid qardaşı olacaqsan. Mən gedəcəm, arxanda yüzlərlə insan olacaq", dedi. Qucaqlaşdıq, görüşdük, getdi..."

Döyüş yoldaşları isə "Sıralarımızda Kəlbəcərli Daşqın var idi. Elə döyüşürdü ki, ermənilərin postunu tək başına təmizləyirdi. Ayağından vurulsa da, diz üstə düşsə də, dayanmayıb erməninin üzərinə gedirdi. Sonra ağır silahla vurdular onu".

Daşqın Şəfiyev döyüşdən əvvəl tezliklə cəbhəyə gedəcəyini və düşməndən intiqamını alacağını söyləmişdi: “Qarabağ bizimdi, bizim olacaq!”

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər