16.04.2025, 18:34
AZ EN
12.10.2024, 09:40 276

Füzuli rayonunda “Yağlıvənd: Faciədən zəfərə” filminin təqdimatı keçirildi

XƏBƏRLƏR
  • Füzuli rayonunda Rayon İcra Hakimiyyətinin, Versiya.az-İctimai-Siyasi qəzetinin (onlayn) və Füzuli Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə “Oğuzfilm”in istehsal etdiyi “Yağlıvənd: Faciədən zəfərə” adlı filmin təqdimatı keçirildi.

Füzuli Dövlət Dram Teatrında keçirilən təqdimatda Füzuli Rayon İcra Hakimiyyətinin, YAP Füzuli rayon təşkilatının, QRTİ Füzuli rayon üzrə təhsil sektorunun, Füzuli Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin, Füzuli rayon mədəniyyət müəssisələrinin əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbir başlamazdan əvvəl Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Füzuli RİHB-nin müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Teymurov çıxış edərək, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi nəticəsində qazanılan Böyük Zəfərdən, eləcə də antiterror əməliyyatı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən bəhs etdi. Vüqar Teymurov şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına işğaldan azad edilən torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasının böyük bir qürur mənbəyi olduğunu diqqətə çatdırdı.

Daha sonra Vüqar Teymurov 1992-ci il avqust ayının 15-də Ermənistana məxsus olan üç ədəd qırıcı təyyarənin Ermənistan-Azərbaycan sərhəddindən uzaq məsafədə yerləşən, cəbhə xəttinə yaxın olmayan Yağlıvənd kəndində yaşayan mülki kənd sakinlərini qadağan olunmuş kasetli bombalarla qətlə yetirməsindən bəhs etdi. Həmçinin Vüqar Teymurov bildirdi ki, kəndin bombalanması zamanı dinc sakinlər arasında 100 nəfərdən artıq insan yaralandı, 10 nəfər kənd sakini isə şəhid oldu. Şəhid olanların 5 nəfərinin azyaşlı körpələr olduğunu diqqətə çatdıran Vüqar Teymurov, eyni zamanda kəndin yaşayış evlərinin, digər tikililərin darmadağın edildiyini, həmin gün Yağlıvənd kəndində misli görülməmiş faciə baş verdiyini bir daha vurğuladı.

Sonda Vüqar Teymurov Yağlıvənd kəndində baş vermiş faciəni əks etdirən bu filmin çəkilməsinin tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasında çox mühüm rol oynayacağını bildirdi.

Daha sonra YAP Füzuli rayon təşkilatının əməkdaşı Namiq Məmmədov və şəhid atası Saleh Əliyev çıxış edərək film barəsində təəsuratlarını bölüşdülər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər