19.11.2025, 15:00
AZ EN
17.11.2025, 11:32 212

Qarabağ Universiteti Danimarkada beynəlxalq seminarda təmsil olunub

XƏBƏRLƏR
  • Qarabağ Universiteti beynəlxalq elmi əməkdaşlıq istiqamətində fəaliyyətini davam etdirir. Universitetin nümayəndəsi qədim insan məskənləri və erkən hominin təkamülünə dair tədqiqatların aparıldığı nüfuzlu beynəlxalq seminarda iştirak etməklə elm və arxeologiya sahəsində ölkəmizi layiqincə təmsil edib.

Qarabağ Universiteti Danimarkada THOCA (Timing and Ecology of the Human Occupation of Central Asia) beynəlxalq tədqiqat layihəsi çərçivəsində təşkil edilən seminarda təmsil olunub.

Bu barədə universitetin məlumatında bildirilib.

Beynəlxalq seminarda Qarabağ Universitetindən Azıx arxeoloji araşdırma və analizlər laboratoriyasının müdiri Əjdər Babazadə iştirak edib.

Danimarka Texniki Universiteti ilə Aarhus Universitetinin birgə həyata keçirdiyi THOCA layihəsi Mərkəzi Asiya və Cənubi Qafqazda qədim insan məskunlaşması, paleo-ekosistemlər və erkən hominin təkamülü ilə bağlı aparılan araşdırmalara həsr olunub.

Seminarda Azıx mağarasında aparılan yeni tədqiqatların nəticələri də təqdim edilib və 2025-ci ildə Azərbaycan–Almaniya Azıx beynəlxalq paleolit ekspedisiyasına THOCA layihəsinin də qoşulduğu bildirilib. Qeyd edək ki, almaniyalı professor Joao Marreiros və azərbaycanlı arxeoloq Əjdər Babazadənin rəhbərliyi ilə təşkil olunan sözügedən ekspedisiya AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniyanın Leibniz Arxeologiya İnstitutu arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Bununla yanaşı, seminarda Azərbaycan Elm Fondunun dəstəyi, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində Qarabağ Universitetində yaradılmış Azıx arxeoloji araşdırma və analizlər laboratoriyası barədə ətraflı məlumat verilib. Laboratoriyanın müasir avadanlıqlarla təchizatı və elmi potensialı yüksək qiymətləndirilib, onun gələcək beynəlxalq tədqiqatlarda mühüm rol oynayacağı vurğulanıb.

Seminar iştirakçıları, həmçinin Danimarka Texniki Universitetində torpaq və çöküntülərin yaşını müəyyən edən OSL laboratoriyasını, Aarhus Universitetində qədim bitki və heyvan izlərini öyrənən biomarker, kosmogen və C14 mərkəzlərini, eləcə də Moesgaard Muzeyini və Danimarka Milli Muzeyini ziyarət ediblər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər