Bir qrup qazı ilə keçirilən növbəti görüşdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qazilərin səhhəti və qayğıları ilə maraqlanıb, onların daim diqqətdə saxlanıldıqlarını qeyd edib. V.Həsənov görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən bəhs edib. Vaqif Həsənov şanlı tarix yazan igidlərimizin qəhrəmanlığından, Silahlı Qüvvələrimizin rəşadətindən danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb.
Görüşdə Ağdam rayonunun Xıdırlı kəndindən məcburi köçkün, hazırda Bakı şəhəri, Yasamal rayonunda məskunlaşan I Qarabağ müharibəsinin II qrup əlili Rzayev Tahir Yelmar oğlunun 2022-ci il iyulun 20-də yanmış evinin təcili təmir olunması Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə razılaşdırılıb. Həmçinin növbəti aydan etibarən hər ayın ikinci həftəsinin ikinci gününün Ağdam Rayon İcra Hakimiyyətində “Qazilər Günü” olacağı bildirilib.
Qazilər dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər. (AZƏRTAC)