Əvvəlcə uşaqlar üçün Heydər Əliyev Mərkəzində ekskursiya təşkil edilib. Mərkəzin əməkdaşları Azərbaycanın ümummilli lideri Heydər Əliyevin şərəfli həyat yolunu, zəngin irsini və ölkə qarşısında çoxsaylı xidmətlərini əks etdirən ekspozisiya və fotostendlərlə uşaqları tanış ediblər. Sonra dəvət olunmuş animatorlar uşaqları əyləndiriblər.
Daha sonra DİN əməkdaşları tərəfindən müşayiət olunan xüsusi avtobuslarla uşaqlar şəhər ekskursiyasına çıxarılıb.
Daha sonra tədbir Hyatt Regency-də hovuz kənarında əyləncə, bayram süfrəsi və böyük konsertlə davam edib.
Daha sonra tədbirin musiqi hissəsinə start verilib. Tədbirdə müğənnilər Azad Şabanov, Nadir Rüstəmli, Murad Arif, Mirələm Mirələmov, Zamiq Hüseynov və “Mənim Şuşam" xorunun kollektivi uşaqlara xoş anlar bəxş edib. Müğənni Z.Hüseynovun ifasında Cəlal Qurbanovun bəstələdiyi “Mənim atam qəhrəmandır” mahnısı uşaqlarda böyük coşqu yaradıb.
Tədbirdə 29 şəhid övladının ad günü də qeyd edilib. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və millət vəkili Ülvi Quliyev şəhid uşaqlarını ad günü münasibətilə təbrik edib, onlara hədiyyələr təqdim ediblər.
Qeyd edək ki, son 4 ildə "Mənim atam qəhrəmandır" və "Mənim oğlum qəhrəmandır" layihələri çərçivəsində Hyatt Recensi oteli ilə yanaşı Şuşa şəhəri dövlət qoruğu, Dreamland Qolf Klubu, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Heydər Əliyev Mərkəzi, "Şahdağ" İstirahət Mərkəzi və s.kimi yerlərdə 50-dən çox tədbir keçirilib. Bu tədbirlərdə 3000-ə yaxın şəhid övladı iştirak edib.
Qeyd edək ki, tədbirdə dövlət rəsmiləri, ziyalılar, qazilər, şəhid anaları və media təmsilçiləri də iştirak edirdilər.
Mina RƏŞİD