Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə təşkil edilən növbəti tədbirlər Xocalı rayonu və Malıbəyli kəndində fəaliyyət göstərən 15 müəssisənin 225 nəfər rəhbər və işçi heyətinin iştirakı ilə keçirilib.
İştirakçılar ölkəmizdə layiqli əməyin təminatı sahəsində aparılan dövlət siyasəti, əmək qanunvericiliyi, habelə əməyin mühafizəsi və mina təhlükəsizliyi qaydaları barədə məlumatlandırılıb. Tədbirin təşkilatçıları olan qurumların fəaliyyəti barədə məlumat verilib.
Həmçinin Əməyin Mühafizəsi Mərkəzinin işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlər göstərdiyi diqqətə çatdırılıb.
Tədbir iştirakçılarına qeyd olunan mövzularda yaddaş kitabçası, bukletlər və digər təlimat xarakterli vasitələr də təqdim edilib, işçi və işəgötürənlərin sualları cavablandırılıb.
Bu tədbirlər işğaldan azad olunmuş digər ərazilərimizdə də davam etdiriləcək. (APA)