O, 20 fevral 1996-cı ildə Şəkidə anadan olmuşdur. O, Şəki şəhər 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-ci ildən Bakı Humanitar Kollecində təhsilini davam etdirib. Ailəsinə maddi dəstək olmaq üçün təhsil aldığı müddətdə müxtəlif fərdi işlərlə məşğul olub.
Şahmar 2018-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Xidməti dövründə o, qumbaraatan köməkçisi, atıcı olub. Vətən qarşısında borcunu şərəflə yerinə yetirərək 2020-ci ilin mayında ordudan tərxis edilib.
O, sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində könüllü olaraq ordu sıralarına qoşulub. Tərtər rayonun Qapanlı və Suqovuşan kəndləri, həmçinin Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstərib. Tərtər rayonunun Qapanlı kəndinə düşən qrad mərmisindən ağır qəlpə yarası alan Şahmarı xəstəxanada cəmi 2 gün saxlamaq mümkün olub. Yaralı halda yenidən könüllü olaraq cəbhəyə dönüb.
27 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə Şahmar Soltanlı qəhrəmancasına şəhid olub. Şəhidimiz doğulduğu Şəki şəhərində, Şəhidlər xiyabanında dəfn olunub.
Şahmargil ailədə iki uşaq idilər. Qardaşı Elgün ondan üç yaş kiçik olsa da, sözün əsl mənasında dost idilər. Atası Qinyaz Bədirov zəhmətkeş bir insan olub və 55 yaşında dünyasını dəyişib. Anası Gülxar xanım Şəki şəhər 3 saylı Uşaq musiqi məktəbində pianino müəllimidir. Bəlkə də anasından keçmişdi musiqi istedadı Şahmara. O da musiqiçi idi. Tar sinfini bitirsə də, pianinoda da çalar, gözəl avazla oxuyardı.
Şəhid Şahmar Qinyaz oğlu Soltanlı göstərdiyi igidliyə və şücaətə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Sevda SÜLEYMANOVA