Qəbələ rayonunda məskunlaşan 84 nəfər keçmiş məcburi köçkün dayə, arıçı, aşpaz-qənnadıçı, çilingər-santexnik, heyvandarlıq mütəxəssisi, bərbər, əməliyyatçı mühasib və turizm təşkilatçısı ixtisasları üzrə qısamüddətli kurslara cəlb edilib.
Qısamüddətli kursları bitirən və buraxılış-ixtisas imtahanından müvəffəqiyyətlə keçən müdavimlərə Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dövlət nümunəli sertifikatların təqdim edilməsi mərasimi təşkil olunub.
Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq Agentliyin qarşısında konkret hədəflər qoyulub.
Xüsusilə də yaxın gələcəkdə geri qayıdan əhalinin məşğulluq imkanlarının artırılması və sosial müdafiəsinin təmin edilməsi sahəsində peşə təhsili sisteminin xüsusi rolu müəyyən olunub.
“Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Qarabağda 8 peşə təhsil müəssisəsinin qurulması, o cümlədən, 5 min nəfərin qısamüddətli, min nəfərin isə ixtisasartırma təlimlərinə cəlb olunması planlaşdırılır.
Qısamüddətli kursların müddəti təlim proqramlarına uyğun olaraq üç ay təşkil edib. Təhsil proqramları nəzəri bilik və praktik bacarıqların vəhdəti əsasında tərtib olunub. Kurs iştirakçıları ilk iki həftədə nəzəri biliklər əldə edir, sonrakı on həftədə isə istehsalat təlimi və nəzəri biliklər üzrə tədris alırlar. Adıçəkilən kurslar geri qayıdan əhalinin peşəkar bilik və bacarıqlarını artıraraq, onların sosial-iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq və iş imkanlarını genişləndirmək məqsədi daşıyır.
Qeyd olunub ki, bu günə kimi Gəncə, Mingəçevir və Qəbələdə ümumilikdə 114 nəfər keçmiş məcburi köçkün sözügedən təlim proqramlarına cəlb edilib. Proqramı bitirən şəxslərdən 26 faizi Gəncə, 29 faizi Mingəçevir, 45 faizi isə Qəbələ rayonu üzrə işlə təmin olunub. (Report)