19.11.2025, 16:53
AZ EN
26.08.2025, 09:40 258

Bu gün şəhid Adəm Əmirovun doğum günüdü

XƏBƏRLƏR
  • Adəmin atası oğlunu müharibəyə yola salanda deyir ki, oğlum, əgər düşmən səni kürəyindən vursa, mənim oğlum deyilsən. Düşməni qəzəbinlə, silahınla, bütün varlığınla məhv elə. Bizim torpaqlarımızın, şəhidlərimizin, günahsız körpələrimizin heyfini onlarda qoyma. Anası da  deyir ki, Adəm elə bir oğul idi ki, düşmən heç vaxt onu kürəyindən vura bilməzdi. Çünki o, elə tərbiyə almışdı. Həm də illərlə bu günə, bu məqama özünü hazırlamışdı. Qardaşı danışdıqca kövrəlsə də, Adəm kimi o da Vətən  uğrunda döyüşlərə hazırlıq zamanı əlindən gələni edib. Özü də vuruşmağa hazır olub, ancaq nə qədər müraciət etsə də, qəbul edilməyib. Adəm cəbhəyə gedəndə ata-anasını, doğmalarını ona tapşırıb. Deyir ki, qardaşı həyatda ona çox şeyləri öyrədib. Adəm ona təkcə qardaş yox, həm də dost olub və doğru yolu göstərib…

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Əmirov Adəm Elçin oğlunun doğum günüdür. O, 26 avqust 1999-cu ildə Ağdam rayonunun Xındırıstan kəndində dünyaya gəlib.

Əslən Ağdam rayonunun Papravənd kəndindən olan Adəm 2005-ci ildə Ağdam rayon 2 nömrəli tam orta məktəbinin 1-ci sinfinə qəbul olunub və 2016-cı ildə yaxşı qiymətlərlə bitirib. 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini 2019-cu ildə başa çatdırıb. 15 iyul 2020-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi orduda xidmətə başlayıb. Sonra manqa komandiri təyin olunub.

Adəm Əmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşub.

15 oktyabr 2020-ci ildə Ağdamda şəhadətə yüksəlib.

Şəhid Adəm Əmirov Ağdamın Quzanlı qəsəbəsindəki Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Ölümündən sonra "Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər